“Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyində 34 məktəb yarışıb

“Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyində 34 məktəb yarışıb

Gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi məqsədilə Göyçay Peşə Liseyində "Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyi keçirilib.
Turnirin açılış mərasimində çıxış edənlər bu birinciliyin əsas məqsədinin yetişməkdə olan gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisi səviyyəsinin yüksəldilməsi, məktəblilərin ordu sıralarına hazırlığının gücləndirilməsindən ibarətdir. Sonra kütləvi hərbi-idman yarışının startı verilib. Turnirdə rayonun 34 orta ümumtəhsil məktəbinin X-XI sinif şagirdlərindən ibarət komandalar bacarıqlarını nümayiş etdiriblər.
Yarışda məktəblilər sıra hazırlığı, maneələri dəf etmə, avtomatın sökülüb-yığılması, 100 metr məsafəyə qaçış, turnikdə dartınma, mülki müdafiə hazırlığı, sanitarların yarışı, estafet şəklində maneələri dəf etmə və digər mərhələlər üzrə qüvvələrini sınayıblar. Göyçay şəhərindəki 3 nömrəli məktəbin komandası bu yarışlarda birinci yerə layiq görülüb. 1 nömrəli məktəbin şagirdləri ikinci, 7 nömrəli məktəbin şagirdləri isə üçüncü yeri tutublar. Birinci yeri tutan komanda aprel ayında Bərdə rayonunda keçiriləcək "Şahin” hərbi-idman oyunlarının zona yarışında iştirak etmək hüququ əldə edib.