Bu gün "Sərhədçi" İdman Olimpiya Mərkəzində Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə beynəlxalq turnirin açılış mərasimi oldu. Açılış mərasimində Azərbaycan gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Güləş Federasiyasının (AGF) baş katibi Əjdər Cəfərov, AGF-nin vitse-prezidenti, Olimpiya çempionu Namiq Abdullayev, Azərbaycan Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimov və digər rəsmi şəxslər iştirak edirdilər.
Mərasimi giriş sözü ilə açan gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov yarış iştirakçılarını salamladı və onlara uğurlar arzuladı. Ölkədə idmana və Olimpiya hərəkatına böyük diqqət və qayğı göstərildiyini diqqətə çatdıran İ.İsmayılov bu uğurlu siyasətin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu dedi. Nazir müavini yola saldığımız 2014-ğü ildə idmançılarımızın ümumilikdə 805 medal qazandıqlarını və uğurun idmana dövlət tərəfindən göstərilən diqqət və qayğının təzahürü kimi qiymətləndirdi.
Ölkəmizin bu il tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarına da müvəffəqiyyətlə ev sahibliyi edəcəyini deyən İsmayıl İsmayılov bugünkü turnir qaliblərinin gələcəkdə dünya, Avropa və Olimpiya oyunlarında uğur qazanacaqlarına inandığını bildirdi. Natiq həm də bildirdi ki, bu il pəhləvanlarımızı ciddi sınaq gözləyir. və idmançılarımız, o cümlədən güləşçilərimiz Bakıda təşkil olunacaq birinci Avropa Oyunlarına ciddi hazırlaşırlar.
AGF-nin vitse-prezidenti, Olimpiya çempionu Namiq Abdullayev beynəlxalq turnirin əhəmiyyətindən danışaraq yeniyetmə idmançılara uğurlar arzulayaraq mərasimi açıq elan etdi.
Səadət Hakıyeva