İyirmi beş il, iyirmi beş qərənfil...

İyirmi beş il, iyirmi beş qərənfil...


Qar qanı örtmür. Qanı su ilə yusalar da qan tökülən yer unudulmur, yaddan çıxmır.
Yolboyu beynimə gələn bu fikirlər canıma üşütmə salsa da, yağan qara baxa-baxa "Təbiətin verdiyi hökm ilahi ədalətin cızığından kənara çıxmır”, - deyirdim özü-özümə. Bakıda yağan qarın xoşbəxtliyi, sevinci uzun çəkməsə də, fəsadlarını aradan qaldırmaq çox uzun çəkir...
Bəlkə də indi 25 il bundan öncə yağan qarı xatırlayanlar az olsa da, 25 il qabaq, bax, elə bu soyuq yanvar ayında tökülən qanları, alınan canları heç kim unutmayıb. Biz unutmağın daşını XX əsrdə tulladıq. Gördük ki, unutsaq, 20 yanvarlar, 26 fevrallar təkrarlana və bizi tarixin belə özünün unutduğu qaranlıqlara ata bilər. Xatırlamaq, yada salmaq əzablı olsa da var olduğunu anladır.
Bax elə o gecə, o soyuq yanvar günü bizim varlığımıza güllə atılmışdı. Soyuq ürəklərin "vur” əmri qorxutmaq üçün deyil, öldürmək üçün verilmişdi. Əmr sahibləri nəyisə gözüyumulu, kor-koranə etmirdilər. Üzü Pyotrdan bu yana cızılmış planların davamı idi yanvar qətliamı.
Sovet əsgərinin sovet vətəndaşına güllə atması harada görünmüşdü? Bəli, biz görməmişdik, daha doğrusu, göstərməmişdilər. Amma o güllələr Əhməd Cavada, Hüseyn Cavidə, Mikayıl Müşfiqə atılmışdı. 1937-ci ilin repressiyalarında. Bir əsrdə beş dəfə yerindən-yurdundan deportasiya edilən soydaşlarımızın ürəyini yaralamışdı ürəyi yanvar ayından soyuq olanlar.
1990-ci ilin 20 yanvarı ürəyində Azərbaycan boyda od gəzdirənlərin unutmadığı və unudulmadığı bir gündür. Biz onları o müdhiş gecənin səhəri günü əllərində qərənfil dağ üstü parkda qandaşını, soydaşını, doğmasını, əzizini son mənzilə yola salarkən bir yerdə, əl-ələ qol-qola gördük. Həmrəyliyimizə, birliyimizə gedən yol 20 yanvar şaxtasından, sazağından da keçdi. 20 yanvarda bizi Sibirə göndərmədilər, Sibiri Bakıya, Azərbaycana əl üstündə, göz üstündə gətirdilər.
25 il bundan əvvəlki yanvarda qərənfillər də bir başqa idi - kədərli, məzlum. O gün şəhid yarasından su içdi qərənfillər.
İndi yolda yerə düşən bir qərənfil görəndə öpüb ürəyimin, gözümün üstünə qoyuram-25 ildən bəri ürəyimdə gəzdirdiyim şəhidlərimiz üçün. Qərənfil azadlıq gülüdür. Azadlığı isə göz üstündə saxlayarlar!!!

Hafiz Təmirov