Şəhidlərimizin ruhu yad edildi

Şəhidlərimizin ruhu yad edildi

Azərbaycan Milli Karate Federasiyası 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar yığıncaq keçirib. Federasiya rəhbərliyi, məşqçi, hakim və idmançı heyətinin iştirakı ilə keçirilən tədbirində əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Federasiya prezidenti Yaşar Bəşirov, birinci vitse-prezident və qurumun baş sponsoru olan Azərbaycan Beynəlxalq Bankının rəsmi nümayəndəsi İlham Qasımzadə, vitse-prezident Yusif Məmmədov və baş məşqçi Rəhman Hətəmov Azərbaycan xalqının tarixində önəmli yerlərdən birini tutan qanlı yanvar faciəsi barədə ətraflı məlumat verərək, xalqımıza qarşı qətliamı pisləyiblər.
Ölkə rəhəbərliyi tərəfindən faciə ilə bağlı şəhid ailələri və hadisələr zamanı əlil olmuş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və dövlət qayğısının artırılması məqsədilə bir çox tədbirlərin görüldüyü diqqətə çatdırılıb.
Federasiya rəhbərliyi 17-18 yanvar tarixlərində Xorvatiyada Qran Pri turnirində yeniyetmə və gənc karateçilər tərəfindən qazanılan 2 qızıl, 2 gümüş və 2 bürünc medalın 20 Yanvar şəhidlərinin əziz xatirəsinə ithaf edildiyini bildirib.
Anım tədbirində qeyd edilib ki, Azərbaycanın azadlığı və suverenliyi uğrunda həlak olmuş şəhid ailələrinin övladlarına respublikanın bütün karate bölmələrində məşqlər təmənnasız həyata keçirilir. Tədbir iştirakçıları bu faciəni heç vaxt unutmayacaqlarını, şəhidlərimizin ruhunu hər zaman ehtiramla yad ediləcəyini bildiriblər.