“Zenit” İdman Cəmiyyəti 2014-cü ili uğurla yola salıb

“Zenit” İdman Cəmiyyəti 2014-cü ili uğurla yola salıb


"Zenit” İdman Cəmiyyəti Respublika Şurasının (İCRŞ) ölkədə bədən tərbiyəsi və idmanın inkişafında , zəhmətkeşlərin sağlamlığının möhkəmləndirilməsi və yüksək dərəcəli məşqçilərin, idmançıların hazırlanmasında öz dəsti-xətti vardır. Fərəhli haldır ki, ölkədə bədən tərbiyəsi və idman hərəkatında müəyyən mövqe tutmağı bacaran "Zenit” İC-nin idmançıları indiyədək Avropa və dünya birinciliklərində, Olimpiya oyunlarında Azərbaycanı layiqincə təmsil edərək yüksək nailiyyətlər əldə ediblər.
Yola saldığımız 2014-cü il "Zenit” İdman Cəmiyyəti üçün uğurlu olub. Cəmiyyətin təmsilçiləri təcrübəli məşqçilərin rəhbərliyi altında ölkə, qitə və dünya birinciliklərində mükafatalayiq yerlər tutublar. Aslan Ağayev və Cavid Qurbanzadə (sərbəst güləş və qadın güləşi), Təvəkkül Məmmədov (boks), Qərib Əliyev (yunan-Roma güləşi) və başqa təcrübəli məşqçilərdən dərs alan atletlərimiz inamlı qələbələr qazanıblar.

Cavid Qurbanzadənin yetirmələrindən olan sərbəst güləşçı Əfqan Xaşalov (54 kq) 2014-cü il yanvarın 17-18-də Bakıda şəhid Müşfiq İsayevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə, mayın 5-6-da Bolqarıstanın Somokov şəhərində təşkil edilən sərbəst güləş üzrə yeniyetmələr arasında dünya birinciliyində, martın 3-4-də yeniyetmələr arasında Azərbaycan birinciliyində I yeri tutub. İyul ayının 15-dən 20-dək Slovakiyada təşkil edilən dünya çempionatında, aprelin 19-22-də Federasiyanın Kuboku uğrunda yeniyetmələr arasında beynəlxalq turnirdə II yerə layiq görülüb. Peşəkar məşqçinin yetirmələrindən Elvin Dünyamalıyev (46 kq) yola saldığımız ildə Leri Xavarovun xatirəsinə keçirilən beynəlxalq turnirin, Muhemmed Aydayev (38 kq) noyabrın 28-dən 30-dək Gürcüstanda təçkil edilən beynəlxalq yarışın birincisi olmağı bacarıblar.
Təcrübəli məşqçi Aslan Ağayevin rəhbərliyi altında yüksək idman uğurlarına imza atan Cəbrayıl Həsənov (74 kq) ötən il iyulin 25-27-də ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qızıl Qran-pri "nin və iyunun 28-29-da Almaniyada təşkil edilən beynəlxalq turnirin qalibi olub. Sərbəst güləş üzrə Azərbaycan yışmasının üzvü olan Cəbrayıl, həm də ötən il dekabrın 13-də "Sərhədçi” Olimpiya İdman Kompleksində keçirilən ölkə çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bundan başqa, idmançımız aprelin 1-6-da Finlandiyada keçirilən sərbəst güləş üzrə Avropa çempionatında, noyabrın 9-11-də Rusiyada baş tutan Avropa kubokunda mükafatalayiq nəticə göstərib.

Qərib Əliyevin yetirməsi və yunan-Roma güləşində 84 kq çəki dərəcəsində çıxış edən İslam Abbasov gənclər arasında Azərbaycan birinciliyində fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq ölkə çempionu tituluna layiq görülüb.
"Zenit” İdman Cəmiyyəti Respublika Şurasının (İCRŞ) təşkilatçılığı ilə ötən ilin oktyabr-dekabr aylarında keçirilən və Dövlət Müstəqilliyi Gününə həsr olunmuş XVII Spartakiadada ümumilikdə 58 komanda qüvvəsini sınayıb. Aviasiya, avtomobil nəqliyyatı, yol təsərrüfatı işçiləri, elektrotexnika, müdafiə sənayesi, metropoliten işçilərinin iştirak etdiyi spartakiada yarışlarında 267 nəfər (16 qadın) mübarizə aparıb. 10 növdə - mini futbol, voleybol, daşqaldırma, qol güləşi, kəndirdartma, stolüstü tennis, nərd, dama, şahmat, güllə atıcılığı - mübarizəyə qoşulan komandalar və mükafatalayiq yer tutan idmançılar "Zenit” İdman Cəmiyyəti Respublika Şurasının diplom və qiymətli hədiyyələri ilə təltif olunublar.