«Neftçi İdman Klubu» IB-in idman xronikası

«Neftçi İdman Klubu» IB-in idman xronikası

Güləş
Yanvarın 16-da "Sərhədçi” İdman Olimpiya Mərkəzində startı verilən 20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında sayca 18-ci beynəlxalq turnirə yekun vurulub. Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən, 10 çəki dərəcəsi (42, 46, 50, 54, 58, 63, 69, 76 və 100 kq) üzrə keçirilən yarışlarda 1998-2000-ci illər təvəllüdlü idmançılar mübarizə aparıblar. Turnirdə Azərbaycan güləşçiləri ilə yanaşı, Rusiya, İran, Qazaxıstan, Özbəkistan və Gürcüstan idmançıları da yarışıblar. Sərbəst güləşdə 153, yunan-Roma güləşində isə 95 pəhləvan qalib adı uğrunda qüvvələrini sınayıb.
"Neftçi İdman Klubu”nun yığma komandanın tərkibində yer almış yetirmələri turnirdə ölkəmizi layiqincə təmsil edərək, böyük uğura imza atıblar. Belə ki, klubun idmançıları turnirin 14 medalına (4 qızıl, 5 gümüş, 5 bürünc) sahib olublar.

Sərbəst güləşçilərin yarışında 58 kq-da çıxış edən pəhləvanımız Fazil Həsənov bütün qarşılaşmalardan qalib ayrılaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Əliabbas Rzazadə (50 kq) və Füzuli Hüseynov (58 kq) yalnız həlledici final görüşündə məğlubiyyət acısı yaşayıblar və gümüş medallara layiq görülüblər. Digər idmançılarımız Şahin Əlifzadə (50 kq) və Fərid Cəfərov (58 kq) isə yarışı 3-cü yerdə başa vurublar.
Yunan-Roma güləşçiləri arasında Məhəmmədəli Həsənov (58 kq), Ülvi Qənizadə (69 kq) və Elşən Eyyubov (85 kq) rəqib tanımayaraq, turnirin qızıl medalını qazanıblar. Rövşən Məhəmmədtağızadə (76 kq), Həmid Fərəcov (85 kq) və Abbas Əliyev (100 kq) gümüş, Elnur Musayev (46 kq), Cavanşir Qasımov (69 kq) və Rauf Məmmədli (100 kq) isə bürünc medala yiyələniblər.

Şahmat
"Central Park Hotel”də kişilər arasında şahmat üzrə respublika çempionatı keçirilib. İsveçrə sistemi ilə 9 turdan ibarət olan yarışda 22 zəka sahibi özünü sınayıb.
Klubumuzun şahmatçılarından Eltac Səfərli (2635) və Vasif Durarbəyli (2635) çempionatın qalibi Rauf Məmmədovla eyni xalı (6,5 xal) toplasalar da, əlavə göstəricilərə görə 2-ci və 3-cü yerlərə layiq görülüblər.
Qeyd edək ki, çempionatda ilk üç yeri tutan şahmatçılar Gənclər və İdman Nazirliyinin diplomları və Azərbaycan Şahmat Federasiyasının medalları ilə təltif olunublar. Eyni zamanda, 1-2-ci yeri tutan idmançılar bu il keçiriləcək Dünya Kubokuna, həmçinin 1-3-cü yeri tutan şahmatçılar 2015-ci ildə təşkil olunacaq fərdi Avropa çempionatına vəsiqə qazanıblar.



Qılıncoynatma
Yanvarın 17-də Qılıncoynatma Federasiyasının zalında start götürmüş adıçəkilən növ üzrə Azərbaycan birinciliyi başa çatıb. 1998-ci il təvəllüdlü və daha kiçik yaşlı yeniyetmələr arasında təşkil olunan yarışda beş komanda "Neftçi İdman Klubu”, "Binəqədi” İdman Məktəbi, "Fensinq” İdman Klubu, "Gömrükçü” İdman Klubu və Bakı Şəhər İdman Məktəbini təmsil edən 37 idmançı (23 oğlan, 14 qız) öz bacarığını nümayiş etdirib.
"Neftçi İdman Klubu”nun sablyaçılarından Cavanşir Ağakişiyev ölkə çempionu olub. Xalid Əsədov 2-ci, Hüseyn Rüstəmzadə və Qərib İbrahimov isə 3-cü yerə çıxıblar. Zərif cinsin nümayəndələri arasında Nərminə Cəfərova liderliyə yüksəlib. Fatimə və Günel Məmmədovalar isə bürünc medalla kifayətləniblər.



Atletika
Respublika Olimpiya Mərkəzində atletika üzrə Azərbaycan kubokuna yekun vurulub.
Klubun atletləri ölkə yarışında əzmlə çıxış edərək 17 medal (10 qızıl, 6 gümüş, 1 bürünc) əldə ediblər. Kişilərin yarışında 60 metr məsafəyə qaçışda Valentin Bulıçev, 3000 metr məsafənin qətində Vüqar Novruzov, hündürlüyə tullanmada Azər Əhmədov, şüvüllə tullanmada Şimşək Əlizadə, 400 metrə qaçışda Arif Abbasov, uzunluğa tullanmada isə Hüseyn Həsənov bütün rəqiblərindən üstün olublar. Qadınlar arasında keçirilən yarışlarda 60 metr məsafədə Valeriya Balyanina, 400 metrdə Zəkiyyə Həsənova, 800 və 1500 metr məsafələrdə isə Şəfa Məmmədova yarışın qalibi adını qazanıblar.



Cüdo
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən cüdo üzrə açıq Bakı birinciliyi sona çatıb. Şağan Olimpiya İdman Kompleksində baş tutan yarışda 169 gənc cüdoçu qalib adı uğrunda mübarizəyə qatılıb.
"Neftçi İdman Klubu”nun təmsilçilərindən Mehdi Əsgərov (55 kq) paytaxt yarışında çempionluğa sevinib. Aslan Mirzəyev (90 kq) və Musa Şəkərəliyev (100 kq) də eyni uğuru təkrarlayıblar. Fərid Məmmədov (55 kq), Fədail Süleymanov (73 kq), Azər Yaqubov (90 kq) 2-ci, Sahib Əsgərov (60 kq), Ruslan Hacıyev (66 kq) və Rövşən Qurbanov (100 kq) isə 3-cü pillədə qərarlaşıblar.


Badminton
Bakı Slavyan Universitetinin idman zalında 2003-2004 və 2001-2002-ci illər təvəllüdlü yeniyetmələr arasında badminton üzrə Bakı şəhər birinciliyi keçirilib. Yarışda klubumuzun yeniyetmə badmintonçuları da iştirak ediblər. 2003-2004-cü illər təvəllüdlü idmançılar arasında Rəvan Niftalıyev şəxsi və qoşa yarışlarda qızıl, qarışıq-qoşa yarışında isə gümüş medala layiq görülüb. 2001-2002-ci illər təvəllüdlü badmintonçular arasında Fuad Əliyev qoşa və qarışıq-qoşa yarışlarında 2-ci, Ülvi Əhmədov isə qoşa yarışında 3-cü yeri tutub.



"Neftçi İdman Klubu” İctimai Birliyinin
mətbuat xidməti