Otüstü hokkey üzrə XII Azərbaycan çempionatı start götürdü

Otüstü hokkey üzrə XII Azərbaycan çempionatı start götürdü

Builki ölkə çempionatının formatında hiss olunacaq dəyişiklik edilib. Belə ki, yüksək dəstədə 4 deyil, 5 komanda yazda keçirilən I dövrədə dairəvi sistemlə bir-biri ilə 2 dəfə qarşılaşacaq.

Bu mövsümdə I, II dəstənin əvəzinə 15 (1998-2000) və 18 yaşınadək (1995-1997) oğlanların birinciliyi keçiriləcək. Hər 2 yaş qrupunda 8 iştirakçı komanda A və B yarımqruplarında analoji sistemlə mübarizə aparacaq. Kişilərin yarışında Rusiyanın Azov şəhərini təmsil edən XK TANA komandasının iştirak etməsi, çox güman ki, çempionata olan marağı daha da artıracaq. Qadınların Azərbaycan çempionatında da ötən mövsümdəki kimi, 6 yox, 4 komanda iştirak edəcək. Yaz -payız sistemi ilə keçirilən həmin yarışda rəqiblər bir-biri ilə 4 dəfə görüşəcəklər.
Martın 30-da kişilərin çempionatında I turun oyunları keçirilib. Əvvəlcə meydana Azərbaycan çempionu "Akkord” və 21 yaşlı oğlanlardan təşkil olunmuş "Gənclik” (Sumqayıt) komandası çıxıblar. Şirkət təmsilçiləri start oyununda böyükhesablı qələbə qazanıblar. Birinci hissədə rəqib qapısına 5 cavabsız qol vuran "Akkord” fasilədən sonra da 3 dəfə fərqlənərək 8:0 hesablı qələbəyə sevinib.
Topları rəqibin qapısından Aqşin Əliyev(3), Pərvin Ağayev(2), Taleh Əliyev, Sənan İsmayılov və Rauf Şükürov keçiriblər. Turun növbəti matçında "Atasport”(Bakı) və "Şahdağ”(Qusar) komandaları qarşılaşıblar. Gərgin keçən oyunun 15-ci dəqiqəsində Abbas Nəsirov paytaxt hokkeyçilərini hesabda irəli çıxarıb. Rəqiblər fasiləyə "Atasport”un minimal üstünlüyü ilə yollanıblar. İkinci hissənin ortalarında Dimitri Yayiçnikov hesabı 2:0 -a çatdırıb. Həmin qoldan 3 dəqiqə sonra Təmkin Əzizov hesab arasındakı fərqi yenidən minimuma endirə bilib. Görüşün 60-cı dəqiqəsində Mehman Orucov "Atasport”un 3-cü topunu rəqibin qapısından keçirərək oyunun 3:1 hesablı yekun nəticəsini müəyyənləşdirib.


 *       *        *
Martın 31-də qadınlardan ibarət komandalar da ilk oyunlarını keçiriblər. "Bakı” və "Sumqayıt” klublarının görüşündə paytaxt təmsilçiləri Fidan Novruzova və Səbinə Vəliyevanın vurduqları qollar sayəsində 2:0 hesablı qələbə qazanıblar. "Samur” (Qusar) - "Atasport-2” matçında isə şimal bölgəsinin hokkeyçiləri mütəxəssisləri yaxşı mənada təəccübləndiriblər. Belə ki, ötən mövsümü 3-cü yerdə tamamlayan qusarlılar çempionatın gümüş mükafatçısı "Atasport-2” komandasını 4:1 hesabı ilə məğlubiyyətə uğradıblar. Topların 3-nü rəqib komandanın qapısından Günay İsmayılova, 1-ni isə Günel İsmayılova keçirib.