Azərbaycan millisi Trinidad-Taboqo, Fransa və Keniya yığmaları ilə qarşılaşacaq

Azərbaycan millisi Trinidad-Taboqo, Fransa və Keniya yığmaları ilə qarşılaşacaq


Azərbaycanın qadın otüstü xokkeyçiləri Rio de Janeyro Yay Olimpiya Oyunlarında iştirak etmək üçün Dünya Xokkey Liqasının ikinci mərhələsində mübarizə aparacaqlar.
Yarış fevralın 14-dən 22-dək Uruqvayın Montovideo şəhərində təşkil olunacaq. Yığmamız ciddi sınaq qarşısında son hazırlığı Bakıda davam etdirir. Dünya reytinq cədvəlində yüksək yerlərdən birini tutduğuna görə millimiz birbaşa ikinci mərhələdə mübarizə aparmaq hüququ qazanıb. "B” qrupuna daxil olan xokkeyçilərimiz turnirdə ilk oyunlarını fevralın 14-də Trinidad-Taboqo komandasına qarşı keçirəcəklər. Qızlarımız fevralın 15-də Fransa, iki gün sonra isə Keniya komandası ilə üz-üzə gələcəklər.
"A” qrupunda isə İtaliya, Meksika, Uruqvay və Dominikan Respublikasının milli komandaları yarışacaqlar.
Turnirin finalçıları Dünya Hokkey Liqasının növbəti raunduna birbaşa vəsiqə qazanacaq. Uruqvayda üçüncü yeri tutan komanda da belə bir şansa sahib ola bilər. Martda Hindistanın Dehli və İrlandiyanın paytaxtı Dublində keçiriləcək analoji yarışların yekununda isə üçüncü yeri tutan komandalar arasında ən yüksək reytinqə malik komanda növbəti mərhələyə çıxmaq hüququ qazanacaq.