Namiq Əliyev: "İnanıram ki, güləşçilərimiz etimadı doğruldacaqlar"

Namiq Əliyev: "İnanıram ki, güləşçilərimiz etimadı doğruldacaqlar"




Azərbaycan güləşçiləri təqvim planına əsasən, Olimpiya Güləş Mərkəzində hazırlıqlarını davam etdirirlər. Bu gün milli komandalarımızın mətbuat üçün açıq məşqi keçirilib.
Güləşçilərimizin hazırlıq prosesini Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti, Dünya Güləş Birliyi İdarə Heyətinin üzvü Namiq Əliyev də izləyib.
Məşqin sonunda N.Əliyev media nümayəndələrinin suallarını cavablandırıb: "Bu il ölkə idmanı üçün əlamətdar olacaq. Qarşıda bizi ilk Avropa Oyunları gözləyir. Bizim üçün bu yarış çox önəmlidir. Çünki doğma divarlar arasında mübarizə aparacağıq. Avropa Oyunlarında əsas rəqibimiz Rusiya yığması olacaq. Amma digər rəqibləeimizi yaddan çıxarmaq olmaz. Əlbəttə, Azərbaycan güləşçiləri də dünya reytinqində ilk sıralarda yer alırlar və inanıram ki, güləşçilərimiz etimadı doğruldacaqlar”.
Avropa Oyunlarına qədər komandalarımız Dünya Kuboku turnirində iştirak edəcəklər. Qrupdakı rəqiblərimiz güclüdür. Amma bu, o qədər də önəmli deyil. Biz yalnız özümüz, öz gücümüz haqda düşünməliyik. Bununla belə, yunan-Roma güləşçilərinin İran yığmasıyla qarşılaşacağını qeyd etmək istərdim. Doğma divarlar onlara kömək edə bilər. Amma biz artıq iranlı güləşçiləri məğlub etmişik və düşünürəm ki, hazırda Azərbaycanın yunan-Roma güləşi İranla eyni səviyyədədir.
Sonda AGF-nın birinci vitse-prezidenti Dünya Güləş Birliyinin qaydalarda etdiyi dəyişikliklər barədə fikirlərini bildirib: "Məncə, döşəyin rənginin dəyişilməsi ilə bağlı qərar doğrudur. Eyni zamanda hakimlərin də yeni geyimdə olacağı yaxşı haldır. Çünki idman oyununu əvvəlki geyimlərlə idarə etmək qəribə görünürdü. Yeni geyimlərlə onlar daha rahat hərəkət edə biləcəklər. Hakimlərdən söz düşmüşkən, bu mənada da inkişaf bizi sevindirir. Beynəlxalq arenalarda ölkəmizi iki hakim təmsil edəcək. Onlardan biri daha gənc olsa da, hər ikisi kifayət qədər təcrübəlidir”.