Yanvarın 28-də «Şüa» İdman Sağlamlıq Kompleksində keçirilən stolüstü tennis üzrə «TOP-16» turnirinə yekun vurulub. Yarışın bağlanış mərasimində çıxış edən Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov ölkəmizdə idmana böyük diqqət və qayğı göstərildiyini, müasir standartlara cavab verən idman və sağlamlıq infrastrukturunun yaradıldığını bildirdi. Son illərdə stolüstü tennisin inkişafı istiqamətində görülən işlərdən və nəzərdə tutulan tədbirlərdən danışan Fazil müəllim yarış iştirakçılarına uğurlar arzuladı. «Azərbaycanın bir sıra mötəbər idman tədbirlərinə ev sahibliyi etməsi ölkəmizinartan nüfuzundan xəbər verir. Təsadüfü deyildir ki, fevral ayının 6-8-də Beynəlxalq Stolüstü Tennis Federasiyasının «Avropa TOP-16» kuboku uğrunda yarışlar Azərbaycanda keçiriləcək. Bununla əlaqədar olaraq hazırlıq işləri həyata keçirilir», - deyə federasiya rəsmisi əlavə etdi. Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda ölkənin ən güclü 16 kişi və qadın idmançısı mübarizə aparırdı. İki gün davam edən turnir şəxsi formatda və beynəlxalq stolüstü tennis qaydalarına uyğun olaraq keçirildi. Qadınlar arasında keçirilən şəxsi yarışlarda Rüfət Quliyeva bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə layiq görüldü. Çinli idmançılar Denq Simenq ikinci, Çuyi Zoo isə üçüncü yerə sahib çıxdı. Kişilərin mübarizəsində isə Ramin Cəfərov birinci yerə layiq görüldü. Fərhad İsmayılov və Xəyal Həşimli müvafiq olaraq, ikinci, üçüncü yeri tutdular. Qaliblər Stolüstü Tennis Federasiyasının diplom və mükafatları ilə təltif olundular. Yarşlar başa çatıdqdan sonra qadınlar arasında turnirin qalibi Rüfət Quliyeva və yığma komandanın baş məşqçisi Aleksandr Zudov fikirlərini bizimlə bölüşdülər.