İran İslam Respublikasının Məşhəd şəhərində yeniyetmələr arasında "Yadigar İmam Kuboku" beynəlxalq turniri başa çatıb. Turnirdə iştirak edən sərbəst və yunan-Roma güləşi üzrə yığma komandalarımız 9 medal (1 qızıl, 3 gümüş və 5 bürünc) qazanıb.
Beynəlxalq turnirdə qazanılan medallardan 1 qızıl və 1 bürünc yunan-Roma güləşçilərimizin payına düşür. Məhəmmədəli Həsənli (58 kq) bütün rəqiblərindən üstün olaraq turnirin qızıl medalına yiyələnib. Ceyhun Nəsirov (63 kq) isə bürünc medal qazanıb.
Sərbəst güləş yığmamızın üzvləri isə turniri 3 gümüş və 4 bürünc medalla başa vurublar. Gümüş medalları yığmamıza Şahin Muxtarov (42 kq), Əliabbas Rzazadə (50 kq) və Əhliman Quliyev (76 kq) qazandırıb. Digər sərbəst güləşçilərimiz Fazil Həsənov (58 kq), Orxan Abbasov (63 kq), İsmayıl Abdullayev (69 kq) və Ravil Babazadə (76 kq) isə turnirin bürünc mükafatına sahib olub.