Güləşçilərimiz Paris Qran-prisində uğurla çıxış ediblər

Güləşçilərimiz Paris Qran-prisində uğurla çıxış ediblər

Fransanın paytaxtı Paris şəhərində güləş üzrə ikinci beynəlxalq Qran-pri turniri təşkil olunub.
Yanvarın 3-dən fevralın 1-nə kimi keçirilən turnirdə 30 ölkədən 400-ə yaxın idmançı sərbəst, yunan-Roma, habelə qadın güləşi üzrə öz güclərini sınayıb. Hər üç güləş növündə Azərbaycanı 25 idmançı təmsil edib.
Turnirin ilk günündə 48 kq, 55 kq, 60 kq, 69 kq çəki dərəcələrində qadın, 66 kq, 71 kq, 80 kq, 98 kq çəkidə yunan-Roma, 57 kq, 65 kq, 74 kq, 97 kq çəki dərəcələrində isə sərbəst güləşçilər mübarizə aparıblar.
Qadın güləşçilərimiz birinci yarış günündə 2 gümüş medal qazanıblar. Alyona Kolesnik (55 kq) və Nataliya Sinişin (60 kq) yalnız final görüşündə uduzaraq, fəxri kürsünün ikinci pilləsində qərarlaşıblar.
Yunan-Roma güləşçilərimiz ilk yarış gününü 1 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurublar. 80 kiloqramda mübarizə aparan Elvin Mürsəliyev bütün rəqiblərindən üstün olub. Qazaxıstan, Litva, Polşa və İsveç təmsilçiləri üzərində qələbə güləşçimizə turnirin qızıl medalını qazandırıb. 66 kiloqramda yarışan Kamran Məmmədov finala qədər Portuqaliya, Macarıstan, Avstriya və Polşa güləşçilərini məğlub edib. Final görüşündə Polşanın başqa bir təmsilçisi ilə görüşü məğlub başa vurub və gümüş medalla kifayətlənib. Orxan Nuriyev (98 kq) mübarizəyə Avstriya güləşçisi üzərində qələbə ilə başlasa da, növbəti görüşdə estoniyalı rəqibinə uduzub. Ancaq rəqibinin finala yüksəlməsi güləşçimizə bürünc medal uğrunda yarışmaq şansı verib. O, həlledici görüşdə İsveç təmsilçisi Robert Avanesyanı vaxtından əvvəl üstələyərək bürünc medala sahib olub.
Paris Qran-pri turnirinin ilk günündə sərbəst güləşçilərimiz 2 qızıl və 2 bürünc medal qazanıblar. 65 kq çəki dərəcəsində mübarizə aparan Məhəmməd Müslümov və 97 kq-da yarışan Olimpiya çempionu Şərif Şərifov bütün rəqiblərini mübarizədən kənarlaşdırıb və turnirin qızıl medalına sahib olublar. Məhəmməd Müslümov ardıcıl olaraq Çindən və ABŞ-dan olan 4 rəqibini mübarizədən kənarlaşdıraraq finala yüksəlib. Finalda isə güləşçimiz iranlı rəqibinə heç bir şans verməyib. Olimpiya çempionu Şərif Şərifov Kanada, Qırğızıstan və finalda İran təmsilçisini üstələyərək fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Bürünc medalları isə yığmamıza Hacı və Yaşar Əliyev qardaşları qazandırıblar. Hacı Əliyev (65 kq) həlledici görüşdə Macarıstandan olan rəqibini məğlub edib. Yaşar Əliyev (57 kq) isə komanda yoldaşı Mircəlal Həsənzadədən üstün olub.

Beləliklə, beynəlxalq Qran-pri turnirinin ilk günündə güləşçilərimiz ümumilikdə 9 medal (3 qızıl, 3 gümüş və 3 bürünc) qazanıblar.
Yarışların ikinci günündə finalda qadın idmançılarımız 1 bürünc, yunan-Roma təmsilçilərimiz isə 2 bürünc qazanıblar.
Camaləddin Məmmədov finalda 125 kq çəki dərəcəsində kiçik üstünlüklə ukraynalı güləşçiyə məğlub olub və gümüş medalla kifayətlənib. Onun komanda yoldaşı Ruslan Dibirhacıyev isə bürünc medal alıb.
Beləliklə, Azərbaycan güləş komandası Parisdən vətənə 14 medalla -3 qızıl, 4 gümüş və 7 bürünc qayıdıb.