“Atasport” klubu təkrar oyunda da uduzdu

“Atasport” klubu təkrar oyunda da uduzdu

Almaniyanın Hamburq şəhərində Avropa Çempionlar kuboku uğrunda turnirin güclülər dəstəsində mübarizə davam edir. Azərbaycanın qadın otüstü hokkeyçilərdən ibarət "Atasport” klubu martın 29-da start oyununu "KTHC Rot-Weis Köln” (Almaniya) komandasına qarşı keçirib və təəssüf ki, həmyerlilərimiz həmin görüşdə 1:3 hesabı ilə məğlubiyyətə uğrayıblar.
Ertəsi gün B qrupunda çıxış edən "Atasport”un rəqibi İngiltərənin "Leiçester” klubu olub və qızlarımız bu dəfə də uduzublar - 0:2. Zədə üzündən meydana çıxa bilməyən gənc Fəridə Məmmədovanın olmaması hokkeyçilərimizin hücumlarının kəsərini xeyli zəiflədib. İlk oyunda təcrübəli qapıçımız Viktoriya Şahbazovanın buraxdığı səhvlər onun II turda öz yerini gənc Səadət Nuriyevaya verməsi ilə nəticələnib.
Avropa Çempionlar kubokunda A və B yarımqruplarında III-IV yerləri tutanlar çarpaz üsulla bir-biri ilə qarşılaşacaqlar. Həmin oyunlarda qələbə qazananlar qitənin ən güclüləri sırasındakı yerlərini mühafizə edəcək, məğlub olanlar isə həmin divizionu tərk edəcəklər. I və II yerlərin sahibləri də eyni qayda ilə görüşəcəklər.