Federasiya prezidenti idman jurnalistləri ilə görüşüb

Federasiya prezidenti idman jurnalistləri ilə görüşüb


Bu gün "Avesta” konserninin prezidenti, Azərbaycan Motorlu Qayıq Assosiasiyaları Federasiyasının prezidenti İbrahim İbrahimov mətbuat nümayəndələri ilə görüşüb. O, çıxışı zamanı ölkəmizdə futzal, motorlu qayıq idman növünün inkişafından və formula yarışlarından söz açıb. "Khazar Islands” layihəsi barədə açıqlamalar verən federasiya prezidenti Xəzər dənizində salınan 100 milyard dollarlıq "Khazar Islands” adlı şəhərciyin dünyanın ən böyük layihəsi olacağını və ölkəmizdə turizmin inkişafına böyük təkan verəcəyini deyib. İbrahim İbrahimov "Khazar Islands”ın bir hissəsində yaradılacaq göldə gələn il motorlu qayıq üzrə yarışların keçiriləcəyini deyib. 2013-cü il iyulun 6-7-də Dənizkənarı Bulvar yaxınlığında keçirilən Qran-pri yarışında komandamızın ikinci olduğunu xatırladan İbrahim müəllim ölkəmizdə idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açıb.
"Təmsilçilərimiz Dubay, Çin, Rusiya kimi ölkələrdə keçirilən motorlu qayıq üzrə yarışlarda birinci yeri tutublar. Bizim məqsədimiz bu növ üzrə mötəbər yarışları Azərbaycanda təşkil etmək, dünyada Azərbaycanı layiqincə tanıtmaq, həmçinin respublikamızda bu idman növünü inkişaf etdirməkdir”, - deyə o əlavə edib.
Federasiyanın prezidenti qeyd edib ki, Azərbaycan Formula yarışlarında 2008-ci ildən etibarən iştirak edir, əsasən də mükafatçılar sırasında yer alır.
O, ölkəmizdə futzalın inkişafından da söz açıb. "Məqsədlərimizdən biri də futzalın inkişafına dəstək vermək, bu növ üzrə Azərbaycanda gənclər üçün akademiya yaratmaqdır. Düşünürəm ki, məhz bu yolla biz yerli futzalçılarımızı yetişdirə bilərik”, - deyə İbrahim İbrahimov əlavə edib.
Ölkəmizdə "Formula-1” yarışları üçün "trek”in tikiləcəyini deyən federasiya prezidenti növbəti illərdə ölkəmizdə ralli yarışlarının təşkil olunacağını da diqqətə çatdırıb.
İbrahim İbrahimov bu ilin iyun ayında keçiriləcək Avropa Oyunlarının Azərbaycanın idman həyatında mühüm tarixi hadisə olacağını deyərək idmançılarımıza uğurlar arzulayıb.