“Olimpiya dünyası” qəzeti növbəti mükafata layiq görüldü

“Olimpiya dünyası” qəzeti növbəti mükafata layiq görüldü


Fevralın 3-də "Sportsman” jurnalının Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təsis etdiyi "Zəfər” yüksək idman nailiyyətləri mükafatının növbəti təqdimetmə mərasimi keçirildi.
Bakı Əyləncə Mərkəzində təşkil olunan təqdimetmə mərasimində Olimpiya, dünya və Avropa çempionları ilə yanaşı, idman ictimaiyyətinin tanınmış simaları və ölkəmizdə fəaliyyət göstərən müxtəlif holdinq və şirkətlərin nümayəndələri də iştirak edirdilər.
Tədbirdə 2014-cü ildə idman sahəsində uğur qazanmış idmançılar, idman mütəxəssisləri, federasiyalar, idman təşkilatları keçirilmiş sorğu əsasında müxtəlif mükafatlara layiq görüldülər.
Azərbaycanda idman və Olimpiya Hərəkatının təbliğində göstərdiyi xidmətlərə görə "Olimpiya dünyası” qəzeti "İlin idman dərgisi” nominasiyasının qalibi seçilib.
"Sportsman” jurnalının Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirdiyi "Zəfər” yüksək idman nailiyyətləri mükafatının ilk təqdimetmə mərasimi 31 yanvar 2009-cu ildə elə bu məkanda - Bakı Əyləncə Mərkəzində keçirilib. Jurnal 2008-ci ilin ən yüksək idman nailiyyətlərini müəyyən edərək, böyük uğurlar əldə etmiş idmançılara, onlara dəstək olan qurumlara müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim edib.
Zəfər-2009 mükafatının təqdimetmə mərasimi 2010-cu ilin yanvar ayında "Avropa” hotelində təşkil olunub. Bu dəfə də qaliblər müxtəlif mükafatlara layiq görülüblər. 2010-cu ilin təqdimat mərasimi isə "Genesis Gallery” avto salonunda keçirilib. Mükafatını 2011-ci ilin uğurlarına həsr olunmuş təqdimetmə mərasimi 2012-ci il yanvarın 31-də Bakı Əyləncə Mərkəzində təşkil olunub. 2013-cü ilin yekunlarına görə isə mükafatlar "JW Marriott Hotel”ində təşkil olunan mərasimdə təqdim edilib.