Fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanmışdır

Fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanmışdır


Fevralın 4-də Qaradağ rayon İcra Hakimiyyətinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş hesabat iclası keçirilmişdir. Hesabat iclası çərsivəsində həmçinin, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə elan etdikləri "Qaradağ rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin yekun nəticələri açıqlanmış, qaliblər mükafatlandırılmışlar.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Fondun icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Tağı Tağıyev, rayonun müxtəlif idarə və təşkilatlarının, habelə aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və qalib jurnalistlər iştirak etmişlər.
Hesabat iclasından əvvəl Qaradağ rayonunun 2014-cü ildəki sosial-iqtisadi uğurlarından bəhs edən videoçarx nümayiş olunmuşdur.
İclasda geniş hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Qaradağ rayonunun sürətli inkişaf yolu keçdiyini, ictimai həyatın bütün sahələrində mühüm uğurlar əldə etdiyini bildirmişdir. Süleyman Mikayılov 2014-cü ilin rayon üçün kifayət qədər uğurlu mərhələ olduğunu, bu dövrdə ölkə başçısının iştirakı ilə Qaradağda mühüm sənaye müəssisələrinin, sosial-mədəni obyektlərin açılış mərasimlərinin keçirildiyini diqqətə çatdırmışdır.
Ötən il rayon iqtisadiyyatının müxtəlif sahələri üzrə əldə olunan mühüm makroiqtisadi göstəricilərlə yanaşı, 2015-ci ildə qarşıda duran vəzifələrdən də söz açan Süleyman Mikayılov bəzi sahələrdə yol verilmiş nöqsanların aradan qaldırılması ilə bağlı tapşırıqlarını vermişdir.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin Adiministrasiyasının məsul işçisi Tağı Tağıyev ötən ilin respublikamız üçün kifayət qədər uğurlu olduğunu bildirmiş, habelə Qaradağ rayonunda görülmüş işləri yüksək qiymətləndirmişdir.
Daha sonra icra hakimiyyəti başçısının hesabat məruzəsi ətrafında rayonun müxtəlif idarə və təşkilatlarının rəhbərlərinin çıxışları dinlənilmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət, habelə iclasın qərar layihəsi yekdilliklə qəbul olunmuşdur.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov son illər rayon icra hakimiyyəti ilə jurnalistlər arasında sıx və məhsuldar əlaqələrin qurulduğunu deyərək keçirilən fərdi jurnalist yazıları müsabiqələrinin əhəmiyyətini qeyd edib. Müsabiqənin yekun nəticələri barədə məlumat vermək üçün söz Fondun icraçı direktoru Vüqar Səfərliyə verilib.
Vüqar Səfərli tədbir iştirakçılarını salamlayaraq bildirmişdir ki, hesabat iclasında nümayiş olunan videçarxda və ayrı-ayrı məruzələrdə yer alan makroiqtisadi göstəricilər Qaradağ rayonun son illərdə sürətli inkişaf yolu keçdiyini bir daha təsdiqləyir. İcraçı direktor ölkə başçısının xüsusi diqqət və qayğısı ilə rayonun sürətlə müasirləşdiyini, müxtəlif sahələr üzrə uğurlu nəticələr əldə etdiyini vurğulamışdır.
Çıxışını davam etdirən Vüqar Səfərli 2014-cü ilin yekunlarına əsasən media ilə əməkdaşlığın inkişafında fəal roluna görə Süleyman Mikayılovun Fondun fəxri diplomuna layiq görüldüyünü bildirərək diplomu icra hakimiyyətinin başçısına təqdim etmişdir.
Fondun icraçı direktoru 2014-cü ildə mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi, habelə jurnalistlərin maarifləndirilməsi məqsədilə regionlarda konfransların keçirildiyini də diqqətə çatdırmışdır. Vüqar Səfərli bildirmişdir ki, müxtəlif mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birgə fərdi jurnalist yazıları müsabiqələrinin təşkilində məqsəd kütləvi informasiya vasitələri ilə yerli icra hakimiyyəti orqanları arasında əlaqələrin genişləndirilməsi, jurnalistlərin yaradıcı əməyinin stimullaşdırılması və sosial vəziyyətlərinin yaxşılaşdırılmasıdır.
İcraçı direktor Fondun Qaradağ Rayon İcra Hakimiyyəti ilə birgə noyabrın 25-dən dekabrın 25-dək keçirdiyi müsabiqəyə 26 redaksiyadan 50 yazının daxil olduğunu diqqətə çatdırmışdır. Vüqar Səfərli bildirmişdir ki, müsabiqə üzrə ümumilikdə 25 nəfərin mükafatlandırılması barədə qərar çıxarılmışdır.
Fondun 2014-cü ildə respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş vermiş hadisələri diqqət mərkəzində saxladığını deyən icraçı direktor KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsinə xidmət edən çoxsaylı layihələrin həyata keçirildiyini bildirmişdir. Vüqar Səfərli dövlət və cəmiyyət üçün prioritet təşkil edən məsələlərin həllində kütləvi informasiya vasitələrinin potensialından səmərəli istifadə edilməsi, jurnalistlərin peşəkarlığının artırılması və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ötən il Fond tərəfindən keçirilmiş fərdi jurnalist müsabiqələri barədə məlumat vermişdir.
Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim edilmişdir. Hesabat iclasına yekun vuran Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov KİV-lərlə qarşılıqlı faydalı əlaqələrin genişləndirilməsinə və birgə müsabiqələrin təşkilinə görə Fondun rəhbərliyinə təşəkkürünü bildirmişdir.