«Neftçi İdman Klubu» IB-in idman xronikası

«Neftçi İdman Klubu» IB-in idman xronikası

Güləş
Yanvarın 31-dən fevralın 1-dək Fransanın paytaxtı Parisdə güləş üzrə ikinci beynəlxalq "Qran-pri” turniri keçirilib. Turnirdə 30 ölkədən 400-ə yaxın idmançı sərbəst, yunan-Roma və qadın güləşi üzrə təşkil olunan yarışlarda qüvvəsini sınayıb. Hər üç güləş növü üzrə ölkəmizi 25 pəhləvan təmsil edib. Azərbaycan güləş komandası vətənə 3 qızıl, 4 gümüş və 7 bürünc medalla dönüb.

Yığma komandanın qazandığı bu uğurda "Neftçi İdman Klubu”nun yetirmələri böyük pay sahibi olublar. Belə ki, turnirdə əzmkarlıq nümayiş etdirən idmançılarımızdan yunan-Roma güləşində Elvin Mürsəliyev (80 kq) bütün rəqiblərindən üstün olub. Qazaxıstan, Litva, Polşa və İsveç təmsilçiləri üzərində qələbə güləşçimizə turnirin qızıl medalını qazandırıb. Orxan Nuriyev (98 kq) isə mübarizəyə Avstriya idmançısı üzərində qələbə ilə başlasa da, növbəti görüşdə estoniyalı rəqibinə məğlub olub. Ancaq rəqibin finala yüksəlməsi klubumuzun yetirməsinə bürünc medal uğrunda yarışmaq şansı verib. O, həlledici görüşdə İsveç təmsilçisi Robert Avanesyanı vaxtından əvvəl üstələyərək bürünc medala yiyələnib.
Sərbəst güləşçilər arasında Yaşar Əliyev (57 kq) klubun digər yetirməsi Mircəlal Həsənzadədən üstün olub və bürünc medal qazanıb. Hacı Əliyev (65 kq) isə Macarıstandan olan rəqibini məğlubiyyətə uğratmaqla 3-cü olub.

*  *  *
İranın Məşhəd şəhərində isə yeniyetmə güləşçilər "Yadigar İmam Kuboku” beynəlxalq turnirində mübarizə aparmaq üçün bir araya gəliblər. Yarışda sərbəst və yunan-Roma güləşi üzrə yığma komandalarımız iştirak ediblər.
Klubumuzun yeniyetmə pəhləvanlarından Məhəmmədəli Həsənli (58 kq) yunan-Roma güləşçilərinin yarışında bütün qarşılaşmalardan qalib ayrılaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sərbəst güləşçilər arasında Əliabbas Rzazadə (50 kq) və Əhliman Quliyev (76 kq) yalnız final görüşündə məğlub olublar və gümüş medala layiq görülüblər. Digər güləşçimiz Fazil Həsənov (58 kq) isə turniri 3-cü yerdə başa vurub.

Boks
Şağan Olimpiya İdman Kompleksində keçirilən boks üzrə respublika birinciliyinə yekun vurulub. 15-16 yaşlı yeniyetmələr arasında təşkil olunan birincilikdə 13 çəki dərəcəsi üzrə 230 dəri əlcək ustası mübarizəyə qoşulub.
"Neftçi İdman Klubu”nun yeniyetmə boksçuları ölkə yarışının 2 qızıl, 1 gümüş və 3 bürünc medalına sahib çıxıblar. 

Onlardan 66 kq çəkidə çıxış edən Rəcəb Niftəliyev və Xalid Məmmədov (80 kq), Azərbaycan çempionu olublar. Əflatun Babayev (46 kq) 2-ci, Sədi Nəcəfov (48 kq), Amil İlyasov
(50 kq) və Babək Xankişizadə (57 kq) isə 3-cü yeri tutublar.
Komanda hesabında "Neftçi İdman Klubu”nun idmançıları 3-cü yerə çıxıblar.

Ağırlıqqaldırma
Yanvarın 29-da Ağır Atletika Akademiyasında startı verilmiş kişilər və qadınlar arasında ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı sona çatıb. Yarışda ölkənin ayrı-ayrı şəhər və rayonlarını təmsil edən 50-yə yaxın ağırlıqqaldıran qalib adı uğrunda mübarizə aparıb.
Klubumuzun atletlərindən İvan Stoiçkov (85 kq) 357 kq (157 kq+200 kq) nəticə ilə çempion olub. Xosrov Əhmədov (+105 kq) isə 315 kq (135 kq+180 kq) ağırlığı başı üzərinə qaldırmaqla gümüş medala layiq görülüb. Zərif cinsin nümayəndələri arasında ağırlıqqaldırma üzrə milli komandamızın lideri Boyanka Kostova (63 kq) mütləq çempion adını qazanıb. Bunun üçün o, 236 kq (104 kq+132 kq) ağırlığın öhdəsindən gəlməli olub.

Qeyd edək ki, bu çempionatda əldə etdikləri nəticəyə görə Boyanka Kostova və İvan Stoiçkov aprel ayında keçiriləcək Avropa çempionatında iştirak etmək hüququ qazanıblar.

Pankration
Pankration, qraplinq və MMA üzrə Bakı şəhər çempionatına yekun vurulub. Hövsan Olimpiya İdman Kompleksində keçirilən çempionatda 300-ə qədər idmançı mübarizə aparıb.
Müxtəlif yaş qruplarında təşkil olunan yarışda "Neftçi İdman Klubu”nun təmsilçiləri ümumilikdə 27 medala (8 qızıl, 12 gümüş, 7 bürünc) yiyələniblər və pankration növündə komanda hesabında 1-ci yeri tutublar. Pankration yarışlarında idmançılarımızdan Xəyal Verdiyev (2003, 32 kq), Ceyhun Hüseynov (2004, 26 kq), Teymur Aslanov (1998, 82 kq), Ülvi Hümbətov (1997, 58 kq), Seymur Quliyev (1987, 92 kq) və Ramazan İbiyev (1990, +100 kq) paytaxt çempionatının qalibi adını qazanıblar. MMA növündə isə Elçin Vəliyev (1998, 50 kq) və Ehtiram Dərişov (1988, 66 kq) eyni uğuru təkrarlayıblar.


Cüdo
Beynəlxalq Cüdo Federasiyası fevral ayı üçün reytinq cədvəlini açıqlayıb.
Siyahını "Neftçi İdman Klubu”nun cüdoçuları üçün uğurlu saymaq olar. Təmsilçilərimizdən yenə ən yaxşı göstərici dünya çempionu Elxan Məmmədova (100 kq) məxsusdur. O, öz çəkisində 4-cü sırada qərarlaşıb. İlk onluqda mövqeyini qoruyan Orxan Səfərov (60 kq) 5-ci, Elmar Qasımov (100 kq) 6-cı, İlqar Müşkiyevlə (60 kq) Rüstəm Orucov (73 kq) isə 10-cudular.
Digər cüdoçularımıza gəlincə, Şahin Qəhrəmanov (90 kq) 30-cu, Kifayət Qasımova (57 kq) 25-ci pillədə yer alıblar. Cüdoçularımızdan Nicat Şıxəlizadə (66 kq) 1 pillə irəlilədiyi halda, Məhəmmədəli Mehdiyev 2, Tural Səfquliyev (hər ikisi 81 kq) 9 rəqibini özündən irəli buraxıb. Onlar, müvafiq olaraq, 11-ci, 52-ci və 72-ci yerləri tuturlar.
Qeyd edək ki, bu idman növündə olimpiadaya lisenziya reytinq cədvəlinə əsasən verilir.

"Neftçi İdman Klubu” İctimai Birliyinin
mətbuat xidməti