Xətai “cəsurları” final mərhələsində

Xətai “cəsurları” final mərhələsində
Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyində "Cəsurlar” hərbi-idman və turizm yarışlarının rayon üzrə final mərhələsi keçirilib.
Xətai Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən tədbirdə çıxış edənlər məktəblər arasında belə yarışların keçirilməsinin əhəmiyyətindən danışıblar. Bildirilib ki, rayon məktəblərinin yarışlarda əldə etdikləri nailiyyətlər, ali məktəblərə qəbul üzrə rayonun yüksək nəticə qazanması təhsil və idman sahəsində əldə edilən uğurların göstəricisidir. Yarışların məqsədi böyüməkdə olan gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinə diqqətin daha da artırılması, orta məktəb şagirdlərinin hərbi idman oyunlarına cəlb edilməsi, onların ordu sıralarında xidmətə hazırlanmasıdır.
Sonra Xətai rayonundakı 38 orta ümumtəhsil məktəbinin 300-ə yaxın şagirdi arasında yarışlar başlayıb.
Əvvəlcə komandalar təntənəli marşla tribuna önündən keçiblər. Komandalar iki mərhələdə 10 idman növü, o cümlədən sıra hazırlığı, tullanma, qaçış, çətin maneələri aşma və atıcılıq üzrə öz bacarıqlarını nümayiş etdiriblər.
Yarışlar hakimlər tərəfindən beş ballıq sistem üzrə qiymətləndirilib.