Son ölkə çempionu turnir cədvəlində şəriksiz liderdir

Son ölkə çempionu turnir cədvəlində şəriksiz liderdir


"Azərreyl” isə son turlar
uğursuzluq zolağından
çıxa bilmir

Qadın voleybolçular arasında Super-liqada yaranan 2 həftəlik fasilədən sonra komandalar yenidən mübarizə aparmaq üçün meydana çıxdılar. XVIII turun ilk oyun günündə "Telekom” komandası "Azərreyl” klubunu qəbul etdi. Bu görüşdə "dəmiryolçular”ın asan qələbə qazanacağı hamı tərəfindən gözlənilirdi. Çünki rəqib Alessandro Çiappinin yetirmələrinə nisbətən zəif təsir bağışlayırdı. Deyilən proqnozlar özünü doğrultdu. Belə ki, "Azərreyl” meydan sahiblərini bu dəfə də xalsız qoydu. Məlumat üçün bildirək ki, bu komandalar arasında keçirilən hər iki oyunda "dəmiryolçular” asan qələbəyə sevinmişdilər. Onlar "Telekom” klubunu hər üç hissədə məğlub edərək bu nəticəyə sahib olmuşdular. Budəfəki qarşılaşmada da "Azərreyl” bütün hissələrdə inamla mübarizə aparıb, meydan sahibinin qələbə qazanmasına imkan vermədi. Əldə olunan qələbə sayəsində qonaqlar 3 xalı aktivlərinə əlavə etdilər.

Voleybol Mərkəzində keçirilən ikinci oyunda isə "Rabitə” ilə "İqtisadçı” komandaları üz-üzə gəldilər. Bu oyunun isə digər qarşılaşmalara nisbətən daha gərgin keçəcəyi heç kimdə şübhə yaratmırdı. Çünki bu komandalar arasında təşkil olunan bütün görüşlər həmişə prinsipiallığı ilə yadda qalıb. Məlumat üçün bildirək ki, bu komandalar arasında təşkil olunan birinci görüşdə sevinən tərəf "Rabitə” klubu olmuşdu. Belə ki, Marçello Abbondanzanın yetirmələri rəqibi 3:1 hesabı ilə məğlubiyyətə uğratmışdılar. İkinci oyunda isə "rabitəçilər” qələbəni əldən vermişdilər. "Tələbələr” əzmkar oyun nümayiş etdirərək qalib gəlmişdilər. Həmin oyunun birinci və ikinci hissəsində universitet komandası üstün olmuşdu. Düzdü, üçüncü və dördüncü hissədə "rabitəçilər” rəqibi məğlubiyyətə uğradaraq tay-brekdə qüvvələrini sınamaq imkanı əldə etsələr də, onların bundan artığına gücü çatmamışdı. "İqtisadçı” klubu bu hissədə rəqibinə heç bir imkan verməyərək qələbəyə sevinmişdi. Budəfəki oyuna gəldikdə, görüş maraqlı keçdi. Birinci hissədə meydan sahibi "Rabitə” rəqibini 11 top fərqi ilə məğlubiyyətə uğratdı. İkinci hissədə isə "İqtisadçı” komandasının voleybolçuları qələbə qazanmaq üçün əllərindən gələni etsələr də, bunun öhdəsindən gələ bilmədilər. Üçüncü hissəni də qələbə ilə yekunlaşdıran "Rabitə” aktivinə növbəti 3 xalı yazdırdı.
Turun son oyun günündə isə "Lokomotiv”lə "Bakı-Azəryol” üz-üzə gəlib. Çüzeppe Kuçarinin yetirmələri yalnız bir hissəni rəqibinə güzəştə gedib. "Dəmiryolçular” ardıcıl olaraq növbəti hissələrdə də qalib gələrək növbəti xallarını qazanıblar.
XX tur çərçivəsində isə 2 oyun keçirilib. İlk oyun günündə "Rabitə” turnir cədvəlinin sonuncu pilləsində qərarlaşmış "Lokomotiv-Biləcəri” komandasını qəbul edib. Rəqibindən kifayət qədər zəif oyun nümayiş etdirən "Lokomotiv-Biləcəri” "rabitəçilər”lə mübarizə aparmaqda çətinlik çəkib. Birinci hissədə Abbondanzanın yetirmələri 15 top fərqi ilə qalib gəliblər. İkinci hissədə isə daha biabırçı hesab qeydə alınıb. Bu hissədə "Rabitə” rəqibini nə az, nə çox, 22 top fərqi ilə məğlubiyyətə uğradıb - 25:3.
Üçüncü hissəni də qələbə ilə bitirən "Rabitə” növbəti 3 xalını qazanaraq turnir cədvəlindəki mövqeyini qoruyub. Günün ikinci qarşılaşmasında "Lokomotiv”lə "Azerreyl” münasibətlərinə aydınlıq gətiriblər. Bu oyun digərinə nisbətən daha maraqlı olub. Gərgin keçən görüşün birinci hissəsində "Lokomotiv” qələbəyə sevinib. İkinci hissədə "Azerreyl” qələbəni bayram edib. Növbəti hissədə Cuzeppe Kuçarinin yetirmələri qalib gələrək yenidən üstünlüyü ələ alıblar. Döründcü hissədə isə Alessandro Çiapinin komandası üstün olub. Beləliklə, komandalar qalib gələn klubun adına aydınlıq gətirmək üçün tay-brekdə qüvvələrini sınayıblar. Burada güclü oyun nümayiş etdirən "Lokomotiv” 3:2 hesablı qələbəyə sevinib.
Martın 28-də isə Super-liqada XXI turun oyunları keçirilib. Bu tur "İqtisadçı” komandası istirahət etdiyindən mübarizə aparmayıb. Tura "Lokomotiv Biləcəri” - "Lokomotiv” matçı ilə start verilib. Görüşdə "Lokomotiv” ikinci dövrədəki kimi asan qalib gəlib.
Birinci hissəni 11 top fərqi ilə irəlidə bitirən "Lokomotiv” ardınca Biləcəri təmsilçisinin müqaviməti ilə üzləşsə də, qələbə qazanıb - 25:21. Üçüncü hissə isə daha maraqsız keçib və bu dəfə də Cüzeppe Kuçarinin komandası rəqibindən üstün olub - 25:15.


Bu tur "Lokomotiv”dən fərqli olaraq, "Azərreyl” xalsız qalıb. Komanda "Bakı-Azəryol”la qarşılaşıb. Çoxları bu oyunda "Azərreyl”in qələbə qazacağını düşünsələr də, bu baş verməyib. Ötən turda gözlənilmədən "Lokomotiv”ə uduzan "dəmiryolçular” həmin məğlubiyyətin əvəzini bu komandadan çıxmağı planlaşdırsalar da, bu gerçəkləşməyib. Alessandro Çiappinin komandası yalnız görüşün bir hissəsində sevinə bilib. Digər hissələrdə isə "Bakı-Azəryol” qələbə qazanaraq aktivinə növbəti xalı əlavə edib. Günə "Telekom” - "Rabitə” qarşılaşması ilə yekun vurulub. Son ölkə çempionu "Rabitə” bu qarşılaşmada da çətinlik çəkmədən qalib gəlib.
Dünən isə XIII və XX turdan təxirə salınmış oyunular keçirilib. Günün ilk matçında "Azərreyl” "Lokomotiv”i sınağa çəkib. Görüşün gərgin keçəcəyi gözlənilən idi. Çünki çempionluq şansını çətinləşdirən "Azərreyl” məğlub olacağı halda vəziyyətini daha da pisləşdirəcəkdi. Üstəlik komandanın baş məşqçisi Alessandro Çiappinini ötən turdan sonra istefaya göndərilib. Çiappini ilə yanaşı, onun köməkçiləri Nikola Neqro, Terri Rosini və Fabio Qabbon da Bakı klubundan kənarlaşdırılıb. Buna görə komandanın qələbə qazanması inandırıcı görünmürdü. Düzdür, komandanın baş məşqçisi təyin edilən Aleksandr Çervyakovun komandanı düşdükləri vəziyyətdən çıxarmağa çalışacağı da gözlənilən idi. Lakin "Lokomotiv” də asan məğlub olmaq niyyətində deyildi. Günün digər qarşılaşmasında "Bakı-Azəryol” "İqtisadçı” ilə üz-üzə gəlib. Oyunlar gec başa çatdığından nəticələrlə növbəti sayımızda tanış ola bilərsiniz.