«Neftçi İdman Klubu» seminar keçirib

«Neftçi İdman Klubu» seminar keçirib


Fevralın 2-dən 8-dək Bakıxanov qəsəbəsində yerləşən İsmət Qayıbov adına Təlim İdman Bazasında klubun təşkilatçılığı ilə futbol məşqçilərinin növbəti seminarı keçirilib. «Neftçi İdman Klubu»nun məşqçilərinin iştirak etdiyi seminarın keçirilməsində əsas məqsəd məşqçilərin metodiki cəhətdən təcrübəsinin artırılması, onların biliyinin təkmilləşdirilməsi, məşqlərin müasir səviyyədə qurulması və gənc, istedadlı futbolçuların yetişdirilməsinə nail olmaqdır.
Seminarda müzakirə olunan əsas mövzu «Müasir futbolda 4:3:3 sistemi, onun öyrənilməsi və oyunlarda tətbiq edilməsi» idi. «Neftçi İdman Klubu»nun futbol üzrə baş məşqçisi Məhərrəm Həsənov mövcud olan futbol sistemlərindən, o cümlədən 4:3:3 sisteminin təsnifatı, fəlsəfəsi haqqında seminar iştirakçılarına geniş məlumat verdi. Nəzəri və praktiki məşğələlərdə 4:3:3 sistemində oyunun əsas 5 əhəmiyyətli anları - «mövqelərə sahiblik», «mövqeləri əldən verdikdə», «topu qazandıqda», «topu itirdikdə» və «standart vəziyyətlərin necə tətbiq olunması» əyani olaraq, taktiki lövhədə və yaşıl meydançada iştirakçıların nəzərinə çatdırıldı. Üçbucaqların yaradılması, diaqonal ötürmələr, künclərə açılmalar, birtoxunuşlu ötürmələr, «divar paslaşması», dairəvi kross qaçışlar, driblinqlər, cinah müdafiəçilərinin və yarımmüdafiəçilərin hücumla bağlı qərarları, möhkəmləndirmə, yarıb keçmək və futbolçuların davranışı və cinahlardan hücumların təşkili haqda həm nəzəri, həm də praktiki məşqlər keçirildi. Bundan əlavə, 4:3:3 sisteminə uyğun olaraq, topu itirdikdə, topu harada və necə almaq məqsədilə pressinqlərin tətbiqi, dəyişkənli müdafiənin tətbiqi, hücumda pressinq, 1:1 oyun, boş mövqelərin tutulmasında üçbucaqların tətbiq edilməsi, müdafiə zamanı hücumçuların, yarımmüdafiəçilərin və müdafiəçilərin birgə fəaliyyəti, topu rəqibdən almaq forması və ön fəaliyyət keçirilən məşğələlərin əsas tərkib hissəsi idi. Bu sistem əsasən 14 yaşdan yuxarı qruplarda tətbiq edilir.
Aşağı yaş qrupları (7-10, 10-13 yaş) üçün mövcud olan «Zəncirvari» təlim proqramları haqda müzakirələr də seminar iştirakçılarının böyük marağına səbəb oldu. Bu təlim proqramında diaqonal ötürmələr, künclərə açılmalar, birtoxunuşlu ötürmələr, «divar paslaşmaları», dairəvi kross qaçışları, driblinqlərin məşqlərin özəl tərkib hissəsi olması haqda fikirlər söylənildi. Kiçik qruplarda üçlüklərdə çalışmalar, əsasən asandan çətinə, sadədən mürəkkəbə doğru məşğələlər, yüngül təzyiq altında verilən oyun hərəkətlərinin «zəncirvari» təlimin əsaslarını xarakterizə etməsi də diqqətə çatdırıldı.
«Neftçi İdman Klubu»nun kütləvi bədən tərbiyəsi üzrə meneceri Akif Məmmədov çıxışı zamanı klubun idarəetmə aparatının rəhbəri Sadıq Sadıqovun məsləhətçiliyi, Məhərrəm Həsənovun tərtibatçılığı işıq üzü görən «Aşağı yaş qruplarında çıxış edən istedadlı yeniyetmə və gənc futbolçuların inkişafına dair məşq proqramı» vəsaiti haqda məlumat verdi. A.Məmmədov bu vəsaitin klubumuzda futbolun səviyyəsini qaldırmaq məqsədilə hazırlandığını diqqətə çatdırdı.

Neftçi İdman Klubu» İctimai Birliyinin
mətbuat xidməti