Avropa və dünya çempionları yenidən liderliyə yüksəldilər

Avropa və dünya çempionları yenidən liderliyə yüksəldilər

Türkiyə millisi isə işini çətinə saldı

Martın üç günü ərzində DÇ-2014-ün seçmə mərhələsində Avropa zonasında növbəti turun oyunları keçirilib. Bununla da, "köhnə qitə”də 2013-cü il üçün böyük futbol bayramına start verilib. Avropadakı doqquz seçmə qrupun hamısında təşkil edilən oyunlarda maraqlı nəticələr qeydə alınıb.

DÇ-2014-ün seçmə
mərhələsi

Avropa zonası
A qrupu
Turnir cədvəlinin lideri Belçika millisi səfərdə Makedoniya yığması ilə qarşılaşıb. Qonaqların üstünlüyü ilə keçən matç belçikalıların qələbəsi ilə başa çatıb. Liderlə eyni xal toplayan Xorvatiya yığması evdə Serbiya komandasını sınağa çəkib. Bu dəfə isə meydan sahibləri qələbəyə seviniblər. Günün digər matçında Şotlandiya yığması Uels millisi ilə münasibətlərinə aydınlıq gətirib. Oyuna yaxşı başlayan meydan sahibləri birinci hissənin sonlarında hesabı açıblar. Ruhdan düşməyən uelslilər fasilədən sonra 2 dəqiqə ərzində 2 qol vuraraq 3 xal qazanıblar. Martın 26-da qrupda daha 3 oyun keçirilib. Turnir cədvəlinin liderləri bu dəfə də qələbə qazanıblar. Xorvatiya millisi səfərdə Uelsi, Belçika yığması isə evdə Makedoniyanı məğlubiyyətə uğradıb. Serbiya millisi isə Şotlandiya komandasını 2:0 hesabı ilə məğlub edib. Nəticədə, 16 xal qazanan Belçika və Xorvatiya komandaları rəqiblərdən böyük fərqlə irəlidirlər. Liderlərdən 9 xal geri qalan Serbiya millisi 3-cü pillədədir.

22 mart
Xorvatiya - Serbiya - 2:0
Makedoniya - Belçika - 0:2
Şotlandiya - Uels - 1:2

26 mart
Serbiya - Şotlandiya - 2:0
Belçika - Makedoniya - 1:0
Uels - Xorvatiya - 1:2



B qrupu
Bolqarıstan millisi doğma azarkeşlər önündə Malta komandasını qəbul edib. Bolqarlar rəqibini meydana çıxmağa peşman ediblər. Meydan sahibləri rmaltalıların qapısından 6 cavabsız top keçiriblər. Çexiya komandası isə evdə Danimarka yığmasına 0:3 hesabı ilə məğlub olublar. Son oyun günündə Çexiya yığması məğlubiyyətin əvəzini Ermənistan millisindən çıxıblar. Çexlər səfərdə rəqibini 3:0 hesabı ilə məğlub ediblər. Danimarka - Bolqarıstan komandalarının oyununda heç-heçə qeydə alınıb. Tərəflər hərəyə bir qol vurublar (1:1). İlk oyunda istirahət edən İtaliya yığması səfərdə Malta komandası ilə qarşılaşıb. Qonaqların üstünlüyü ilə keçən matç onların qələbəsi ilə başa çatıb. Beləliklə, 5 oyundan 13 xal toplayan İtaliya yığması turnir cədvəlində liderdir. Liderdən 3 xal geri qalan Bolqarıstan yığması 2-ci pillədədir. İlk "üçlüyü” Çexiya yığması qapayır. Çexlərin aktivində 8 xal var.

22 mart
Bolqarıstan - Malta - 6:0
Çexiya - Danimarka - 0:3

26 mart
Ermənistan - Çexiya - 0:3
Danimarka - Bolqarıstan - 1:1
Malta - İtaliya - 0:2




C qrupu
İlk oyun günü qrupda böyük hesablı nəticələr qeydə alınıb. Almaniya yığması səfərdə Qazaxıstanı (3:0), Avstriya millisi Farer adalarını (6:0) məğlub edib. İsveç - İrlandiya komandalarının qarşılaşmasında hesab açılmayıb - 0:0. Martın 26-da keçirilən oyunlarda Almaniya millisi doğma azarkeşləri önündə də Qazaxıstan komandasını böyük hesabla məğlub edib (4:1). Qrupun İrlandiya - Avstriya oyunu dramatikliyi ilə yadda qalıb. Özlərini qonaq kimi aparmayan avstriyalılar hesabı açan tərəf olublar. Bundan sonra özlərini itirməyən meydan sahibləri 2 qol vuraraq fasiləyədək hesabda irəli keçiblər. Qonaqlar yalnız baş hakimin əsas vaxta əlavə etdiyi 1-ci dəqiqədə hesabı bərabərləşdirməyə müvəffəq olublar. Nəticədə, turnir cədvəlinə 16 xalla Almaniya yığması ilə başçılıq edir. İkinci pilləyə 3 komanda iddialıdır. Aktivində 8 xalları olan Avstriya, İsveç və İrlandiya komandaları lideri izləyirlər.

22 mart
Qazaxıstan - Almaniya - 0:3
Avstriya - Farer adaları - 6:0
İsveç - İrlandiya - 0:0

26 mart
Almaniya - Qazaxıstan - 4:1
İrlandiya - Avstriya - 2:2



D qrupu
Hollandiya yığması inamlı çıxışını davam etdirir. "Narıncılar” Estoniya millisinin qapısına 3 cavabsız qol vurublar. Türkiyə komandası da qələbə qazananlar sırasında olub. "Ay-ulduzlular” səfərdə Andorra millisinə qalib gəliblər. Macarıstan və Rumıniya komandaları hərəyə 2 qol vursalar da, oyun heç-heçə başa çatıb. Martın 26-da keçirilən oyunlarda Hollandiya və Estoniya milliləri qələbəni bayram ediblər. Hollandlar Rumıniya yığmasını, estonlar isə Andorra millisini məğlub ediblər. Ən maraqlı oyunlardan biri İstanbulda reallaşıb. Yerli Türkiyə millisi Macarıstanı sınağa çəkib. Qrupda vəziyyətləri çətin olan "ay-ulduzlular” bu görüşdə mütləq qələbə qazanmalı idilər. Lakin Türkiyə yığması "Şükrü Saracoğlu” stadionunda rəqibinin müqavimətini qıra bilməyib - 1:1. Nəticədə, maksimum xal toplayan Hollandiya komandası liderdir. Liderdən 7 xal geri qalan Macarıstan yığması 2-dir. Rumıniya millisi isə 10 xalla 3-cü pillədə qərarlaşıb.


22 mart
Andorra - Türkiyə - 0:2
Hollandiya - Estoniya - 3:0
Macarıstan - Rumıniya - 2:2

26 mart
Estoniya - Andorra - 2:0
Türkiyə - Macarıstan - 1:1
Hollandiya - Rumıniya - 4:0




E qrupu
Sloveniya komandası doğma azarkeşlər önündə İslandiya millisi ilə qarşılaşıb. Oyuna yaxşı başlayan meydan sahibləri hesabı açan tərəf olublar. Fasilədən sonra özlərinə gələn islandlar 2 qol vuraraq, qələbə qazanıblar - 1:2. Norveç və Albaniya komandalarının qarşılaşmasında oyunun taleyini bir qol həll edib. Səfərdə qol vuran albanlar Norveçdən 3 xalla qayıdıblar. Son oyun günü Kipr yığması İsveçrə millisini qəbul edib. Tərəflərin səyinə baxmayaraq, hesab açılmayıb. Beləliklə, 5 oyundan 11 xal toplayan İsveçrə millisi liderliyini davam etdirir. Hərəyə 9 xal toplayan Albaniya və İslandiya milliləri növbəti pillələri bölüşdürürlər.

22 mart
Sloveniya - İslandiya - 1:2
Norveç - Albaniya - 0:1

23 mart
Kipr- İsveçrə - 0:0



F qrupu
İsrail yığmasının qonağı olan Portuqaliya millisi görüşün ikinci dəqiqəsində hesabı açsa da, sonrakı dəqiqələrdə qapısından üç top buraxıb. Amma prineylilər sonradan hesabı bərabərləşdirə bilib. Milli komandamız isə səfərdə Lüksemburq yığması ilə qolsuz heç-heçə edib. Şimali İrlandiya - Rusiya matçı isə güclü qar yağmasına görə, təxirə salınıb. Son oyun günündə Şimali İrlandiya yığması İsrail millisini sınağa çəkib. Qonaqların üstünlüyü ilə keçən matç onların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Komandamız isə Portuqaliya yığmasına eyni hesabla məğlub olub. Beləliklə, Rusiya yığması 4 oyundan maksimum xalla liderliyini qoruyub. Liderdən 1 xal geridə qalan İsrail və Portuqaliya yığmaları, müvafiq olaraq, 2-ci, 3-cü pillədə qərarlaşıblar. Azərbaycan millisi isə 3 xalla 5-ci pillədədir.

22 mart
İsrail - Portuqaliya - 3:3

26 mart
Şimali İrlandiya - İsrail - 0:2



G qrupu
Lixtenşteyn yığması evdə Latviya komandası ilə münasibətlərinə aydınlıq gətirib. Hərəyə 1 qol vuran tərəflər meydanı 1 xalla tərk ediblər - 1:1. Slovakiya və Litva komandalarının qarşılaşmasında da eyni nəticə qeydə alınıb. Bosniya və Hersoqovina millisi isə doğma azarkeşlər önündə Yunanıstan millisi ilə qarşılaşıb. Meydan sahiblərinin üstünlüyü ilə keçən matç onların 3:1 hesablı qələbəsi ilə başa çatıb. Nəticədə, Bosniya və Hersoqovina komandası 13 xalla liderliyini davam etdirir. Liderdən 3 xal geri qalan Yunanıstan millisi 2-ci pillədədir. Növbəti pillədə 8 xalla Slovakiya komandası qərarlaşıb.

22 mart
Lixtenşteyn - Latviya - 1:1
Slovakiya - Litva - 1:1
Bosniya və Hersoqovina - Yunanıstan - 3:1


H qrupu
Birinci oyun günü Çernoqoriya və Ukrayna komandaları qələbəni bayram ediblər. Səfərdə çernoqoriyalılar Moldova millisini, ukraynalılar isə Polşa yığmasını məğlubiyyətə uğradıblar. İngiltərə millisi səfərdə San Mariino millisini meydana çıxmağa peşman edib. İngilislər rəqib qapısından nə az, nə çox, düz 8 top keçiriblər. Son oyun günü Ukrayna və Polşa komandaları sevinən tərəf olublar. Çernoqoriya və İngiltərə komandalarının qarşılaşması liderlik baxımından əhəmiyyətli idi. İngilislər qələbə sayəsində liderliyə yüksələ bilərdilər. Lakin onlar qələbə qazana bilməyiblər. Halbuki hesabı İngiltərə yığması açıb. Amma hesabı sonadək qoruya bilməyən qonaqlar heç-heçə ilə kifayətləniblər. Beləliklə, 6 oyundan 14 xal toplayan Çernoqoriya liderliyini davam etdirir. Rəqibindən 2 xal geri qalan İngiltərə millisi 2-ci pillədə qərarlaşıblar. Aktivində 8 xal olan Polşa yığması 3-cü pillədədir.

22 mart
Moldova - Çernoqoriya - 0:1
Polşa - Ukrayna - 1:3
San Marino - İngiltərə - 0:8

26 mart
Ukrayna - Moldova - 2:1
Polşa - San Marino - 5:0
Çernoqoriya - İngiltərə - 1:1




I qrupu
İspaniya millisi evdə Finlandiya yığmasını qəbul edib. İspanlar gözlənilmədən xal itkisi ilə üzləşib. Hesabı açan meydan sahibləri qələbə hesabını qoruya bilməyiblər - 1:1. Fransa millisi doğma azarkeşlər önündə Gürcüstan komandasını asanlıqla məğlub edib. Meydan sahiblərinin 3 qoluna qonaqlar cəmi 1 dəfə cavab verə biliblər. Son oyun günü bütün diqqətlər Fransaya yönəlmişdi. Yerli komanda son Avropa və dünya çempionları İspaniya komandasını sınağa çəkib. Oyunun taleyini bir qol həll edib. Yeganə qolu qonaqlar vurublar. Qələbə qazanan ispanlar liderliyə yüksəliblər. Rəqibdən 1 xal geri qalan fransızlar 2-ci pillədə qərarlaşıblar. İlk "üçlüyü” Gürcüstan komandası qapayır. Gürcülərin aktivində 4 xal var.

22 mart
İspaniya - Finlandiya - 1:1
Fransa - Gürcüstan - 3:1

26 mart
Fransa - İspaniya - 0:1