“Neftçi idman klubu” İB-in İdman xronikası

“Neftçi idman klubu” İB-in İdman xronikası


Boks
Peşəkar boksçu Rauf Ağayev Rusiyanın Podolsk şəhərində WBC versiyası üzrə Şərqi Avropa kəməri uğrunda növbəti dəfə rinqə çıxıb. Dəri əlcək ustasının rəqibi Belarus çempionu və Avropa kəmərinin sahibi, karyerası ərzində keçirdiyi 18 döyüşdən 14-də qələbə qazanmış Andrey Nurçinski olub. 10 raundluq titul döyüşü boksçumuzun qələbəsi ilə yekunlaşıb. O, güclü rəqibini 6-cı raundda nokautla məğlub edib.
Xatırladaq ki, Rauf Ağayev peşəkar boksda 17 döyüş keçirib və onlardan 16-da qələbə qazanıb. İdmançımızın məğlub etdiyi rəqiblərindən 3-ü ermənidir.
Raufun növbəti qarşılaşması mart ayında Estoniyada olacaq.

Şahmat
Rusiyanın paytaxtı Moskvada şahmat məsələlərinin bəstəsi üzrə Dünya kuboku uğrunda yarış keçirilib. "Neftçi idman klubu”nun yetirməsi Zaur Məmmədov turnirin qalibi adını qazanıb.

Qılıncoynatma
Gürcüstanın paytaxtı Tbilisidə yeniyetmələr arasında qılıncoynatma üzrə Avropa kubokuna yekun vurulub.
"Neftçi İdman Klubu”nun yığmanın heyətində yer almış idmançılarından Cavanşir Ağakişiyev 24 sablyaçının qatıldığı şəxsi yarışlarda bürünc medala sahib olub. Bütün üzvlərinin klubun sablyaçılarından təşkil olunduğu oğlanlardan ibarət millimiz (Cavanşir Ağakişiyev, Xalid Əsgərov, Qərib İbrahimov, Hüseyn Rüstəmzadə) komanda yarışında 6 kollektivin təmsil olunduğu turnirdə 3-cü yeri tutub.


Atletika
Respublika Olimpiya Mərkəzində SSRİ-nin və Azərbaycanın əməkdar idman ustası Aleksandr Antipovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçirilib. Yarışda Azərbaycan, Rusiya və Gürcüstandan 50-yə yaxın atlet qalib adı uğrunda mübarizə aparıb. Turnirdə idmançılar uzunluğa tullanma və üçtəkanla uzunluğa tullanma növlərində yarışıblar.
Klubun yarışda iştirak edən atletlərindən Nazim Babayev üçtəkanla uzunluğa tullanma (16,33 metr) və uzunluğa tullanma (7,10 metr) yarışlarının hər birində qızıl medala yiyələnib. Füzuli Talıbov da uzunluğa tullanmada (6,01 metr) eyni uğuru təkrarlayıb. Digər idmançımız Kamil Əliyev isə bu növdə 6,53 metr göstərici ilə gümüş medala layiq görülüb.



*        *         *
Elə həmin ünvanda atletlər daha bir yarışda öz bacarıqlarını nümayiş etdiriblər. 2000-2001-ci illər təvəllüdlü idmançılar bu dəfə respublika birinciliyində bir araya gəliblər. Atletlərimizdən Füzuli Talıbov uzunluğa tullanmada 6,17 metr nəticə göstərərək qızıl, 60 metr məsafəyə qaçışda isə 7,06 saniyə nəticə ilə bürünc medal qazanıb. Xanım idmançılar arasında Aygün Qurbanzadə üçtəkanla tullanmada (8,27 metr) hamını qabaqlayaraq Azərbaycan çempionu olub. Nüvəitələmə yarışında Səyyarə Muradova (7,61 metr) 2-ci, Könül Əliyeva (5,95 metr) isə 3-cü yeri tutub.

Cüdo
Cüdo üzrə gənclər arasında respublika birinciliyi sona çatıb. Şağan Olimpiya İdman Kompleksində təşkil olunan yarışda "Neftçi idman klubu”nun cüdoçuları da qüvvələrini sınayıblar. Gənc cüdoçular 4-ü qızıl, 4-ü gümüş, 10-u bürünc olmaqla ölkə birinciliyinin 18 medalına sahib olublar. Onlardan 66 kq çəki dərəcəsində mübarizə aparan Rəşad Rufullayev bütün rəiqblərini məğlub edərək çempionluğa yüksəlib. Zərif cinsin nümayəndələri arasında isə Şəhla Babayeva (44 kq), Səkinə Zairova (52 kq) və Validə Mirzəzadə (70 kq) ölkə çempionu olublar.

Sambo
Şağan Olimpiya İdman Kompleksində sambo üzrə Azərbaycan birinciliyi keçirilib. Yeniyetmələr və gənclər arasında təşkil olunan yarış gərgin idman mübarizəsi şəraitində keçib.
"Neftçi idman klubu”nun samboçuları yarışda aşkar üstünlükləri ilə seçiliblər və hər iki yaş qrupunda komanda hesabında 1-ci yerə çıxıblar. Təmsilçilərimiz ümumilikdə birinciliyin 33 medalını (11 qızıl, 10 gümüş, 12 bürünc) əldə ediblər.
Yeniyetmə samboçulardan Eyvaz Baxşıyev (48 kq), Rəşad Dünyamalıyev (52 kq), Elvin Cəlilov (70 kq), Elçin Sadıqov (75 kq) və Aslan Mirzəyev (+87 kq) bütün görüşləri qələbə ilə bitirərək qalib adını qazanıblar. Gənclər arasında isə Eyvaz Baxşıyev (48 kq), Fərid Qardaşxanov (57 kq), Kamran Əsgərov (62 kq), Natiq Sarıyev (68 kq), Qabil Salmanzadə (74 kq) və Nadir Hüseynov (+100 kq) məğlubiyyət tanımayaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
"Neftçi İdman Klubu” İctimai Birliyinin
mətbuat xidməti