Komandamız Tehranda uğur qazanıb

Komandamız Tehranda uğur qazanıb


İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışarı keçirilir. Yarışda Azərbaycanla yanaşı, İran, İsveç, Almaniya, Rusiya, Macarıstan, Türkiyə və Ermənistan güləşçiləri iştirak edirlər. Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri İran, İsveç və Almaniya komandaları ilə A qrupunda mübarizə aparır. B qrupunda isə, Rusiya, Macarıstan, Türkiyə və Ermənistan komandaları qüvvələrini sınayır.
Fevralın 19-da keçirilən yarışlarda Azərbaycan komandası ev sahibi İranı 6:2 hesabı ilə məğlub edib. Bu görüşdə yunan-Roma güləşçilərimizdən Həsən Əliyev (66 kq), Rəsul Cunayev (71 kq), Elvin Mürsəliyev (75 kq), Rafiq Hüseynov (80 kq), İslam Abbasov (85 kq) və Sabah Şəriəti (130 kq) fərqləniblər.Növbəti mərhələdə Almaniya ilə görüşən komandamız 7:1 hesabı ilə qalib gəlib. Elman Muxtarov (59 kq), Həsən Əliyev (66 kq), Rüstəm Əliyev (71 kq), Elvin Mürsəliyev (75 kq), Rafiq Hüseynov (80 kq), Şəhriyar Məmmədov (85 kq) və Sabah Şəriəti (130 kq) almaniyalı rəqiblərindən üstün olublar.
Dünya Kuboku yarışarında Azərbaycan komandası saat 18.30-da İsveçlə görüşəcək. 
Qeyd edək ki, görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim İntiqam Alıyev təmsil edir.