Güləş Federasiyasının yeni loqosu təqdim olunacaq

Güləş Federasiyasının yeni loqosu təqdim olunacaq


Azərbaycan Güləş Federasiyası (AGF) yeni loqosunun tərtibatı üçün peşəkar dizaynerlər arasında müsabiqə elan edib.
Müsabiqənin şərtlərinə görə, idman qurumunun yeni loqosu federasiyanın fəaliyyətini və strategiyasını nümayiş etdirməklə yanaşı, ölkə güləşinin zəngin tarixi və müasir uğurlarını əks etdirəcək orijinal görünüşə malik olmalıdır.
Müsabiqə üçün təklif olunacaq eskiz və layihələr qəbulu fevralın 22-dək [email protected] e-mail ünvanına və ya Zərifə Əliyeva küçəsi, 55 ünvanında qəbul olunur. İştirakçı bir neçə layihə təqdim edə bilərlər. Təklif olunan layihəni təqdim edən şəxs adını, soyadını, əlaqə nömrəsini, işlədiyi və ya oxuduğu müəssisəni qeyd etməlidir.
Fevralın 28-də xüsusi komissiya təqdim olunan təklif və layihələri nəzərdən keçirdikdən sonra qalibin adı açıqlanacaq. Müsabiqənin qalibi 1000 manat məbləğində pul mükafatı və federasiyanın xüsusi hədiyyəsi ilə təltif olunacaq. Yeni loqo federasiyanın blanklarında, vizit kartlarında və digər çap məhsullarında istifadə ediləcək.
Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov federasiyanın loqosunun dəyişdirilməsi ilə bağlı müsabiqə elan edilməsini dövrün tələbi ilə əlaqələndirib. O, qeyd edib ki, buyaxınlarda Beynəlxalq Güləş Federasiyası da qurumun adını və loqosunu dəyişdirib. "Hər bir qurum mütəmadi olaraq brendini yeniləyir. Bu, artıq müasir dövrün bir tələbinə çevrilib. Azərbaycan Güləş Federasiyası fəaliyyətində daim yenilikçi ideyaları tətbiq edir. Bu baxımdan uzun müddət istifadədə olan loqotipin dəyişdirilməsi barədə qərar qəbul etmişik. Bütün dizaynerləri müsabiqədə iştiraka dəvət edirəm”.
Baş katib vurğulayıb ki, təqdim olunacaq layihələrə federasiyanın prezidenti Fazil Məmmədovun və birinci vitse-prezident, Dünya Güləş Birliyi idarə heyətinin üzvü Namiq Əliyevin rəhbərliyi altında yaradılmış xüsusi komissiya tərəfindən baxılacaq. Azərbaycan güləşinin zəngin tarixi və müasirliyini özündə əhatə edən, federasiyanın bugünkü fəaliyyətini, strategiya və missiyasını əks etdirən layihə seçiləcək və bundan sonra AGF-nin rəsmi loqotipi kimi istifadə olunacaq.