Qadın hokkeyçilərimiz ilkin mərhələni əla nəticə ilə başa çatdırdılar

Qadın hokkeyçilərimiz ilkin mərhələni əla nəticə ilə başa çatdırdılar

Azərbaycanın qadın otüstü hokkeyçilərdən ibarət milli komandası Uruqvayın Montovideo şəhərində keçirilən Dünya Hokkey Liqası turnirinin II raundunda mübarizə aparır. Artıq yarışın ilkin qrup mərhələsinə yekun vurulub. "B” qrupuna daxil olan millimiz Keniya hokkeyçiləri ilə qarşılaşıb və 5:0 hesabı ilə növbəti qələbəsini qazanıb. Bizim qrupda çıxış edən Trinidad Tobaqo və Fransa matçında isə fransızlar rəqiblərini 3:0 hesabı ilə məğlubiyyətə uğradıblar. Beləliklə, ilk oyunda Trinidad Tobaqo hokkeyçilərinə 5:1 və II turda isə Fransa yığmasına 3:2 hesabı ilə qalib gələn həmyerlilərimiz 100 faizli nəticə ilə "B” qrupunun qalibi olublar. Fransa təmsilçiləri 6 xalla qrupda ikinci yeri tutublar. Trinidad Tobaqo yığması 3 xalla III, qrup mərhələsində 1 xal belə, toplaya bilməyən Keniya təmsilçiləri isə sonuncu yerdə qərarlaşıblar.
"A” qrupunda da ilkin mərhələyə yekun vurulub. Son oyunlarda qeydə alınan nəticələr belədir:
İtaliya - Dominikan Respublikası - 5:0
Uruqvay - Meksika - 5:0
Bu qrupda hər 3 görüşdə qələbə qazanan Uruqvay hokkeyçiləri 1-ci yerə layiq görülüblər. İlk turda meydan sahiblərinə uduzan İtaliya millisi 6 xalla II yeri tutub. Qrupda yalnız Dominikan təmsilçilərinə qalib gələn Meksika yığması III olub. Qrup mərhələsində keçirdiyi hər 3 oyunda uduzan Dominikan Respublikasının hokkeyçiləri 4-cü yerdə qərarlaşıblar.
Dünən Bakı vaxtı ilə saat 18.30-da (nəzərinizə çatdırırıq ki, Uruqvayla ölkəmiz arasındakı vaxt fərqi 6 saatdır) Azərbaycan - Dominikan matçı start götürüb. Yerli vaxtla saat 15.00-da Fransa və Meksika komandaları qarşılaşıblar. İtaliya - Trinidad Tobaqo və Uruqvay-Keniya matçı da dünən keçirilib. Həmin görüşlər gec başa çatdığından qəzetimizin bu sayında nəticələr barədə məlumat verə bilmirik. Qeyd edək ki, milli komandamızın Dominikan hokkeyçilərinə qalib gələcəyi heç kimdə şübhə doğurmur.