Yunan-Roma komandamız Dünya Kubokunun qalibidir

Yunan-Roma komandamız Dünya Kubokunun qalibidir



Tehranda böyüklər arasında dünya kuboku yarışlarının qalibi olan yunan-Roma güləşi üzrə yığma komandamızın üzvləri fevralın 21-də Vətənə qayıdıblar.
Güləşçilərimizi Heydər Əliyev Beynəlxalq Hava Limanında azarkeşlər, media nümayəndələri və Azərbaycan Güləş Federasiyasının (AGF) rəsmiləri qarşılayıblar.
AGF-nin baş katibi, Olimpiya dərəcəli hakim Əjdər Cəfərov millimizin uğurunu tarixi nailiyyət kimi dəyərləndirib. İndiyədək Tehranda təşkil olunan dünya kuboku yarışlarında heç bir ölkənin İran millisinə qalib gələ bilmədiyini deyən Ə.Cəfərov bu qələbəninin əhəmiyyətindən danışıb. "Qrup mərhələsində əzəli rəqibimiz olan İran millisini məğlub edərək liderliyi ələ aldıq. Bu görüşdə güləşçilərimizin yüksək əzmkarlıq nümayiş etdirməsi bizi çox sevindirdi. Biz güləşçilərimizdən məhz bunu gözləyirdik”.
Qələbənin əldə olunmasında məşqçilər korpusunun əməyini yüksək qiymətləndirən baş katib deyib ki, millimiz qrup mərhələsini ilk pillədə başa vuranda biz bunu tarixi qələbə kimi qəbul etmişdik. Final görüşündə Rusiya millisi üzərində qazanılan qələbə isə ölkəmizdə güləşin inkişafından xəbər verir. Dünyada idmanın güləş növü üzrə üç güclü milli komandadan birinin Azərbaycan yığması olduğunu diqqətə çatdıran Ə.Cəfərov final görüşündə millimizə qarşı hakim ədalətsizliyinə də toxunub. Qeyd edib ki, Elman Muxtarov (59 kq) və Orxan Nuriyev (98 kq) hakimlərin qeyri-obyektivliyi nəticəsində xalçanı məğlub tərk ediblər. Amma buna baxmayaraq, haqq-ədalət öz yerini tapıb. Bu qələbə Bakıda təşkil olunacaq birinci Avropa Oyunlarından əvvəlki mərhələdə milli komandamız üçün çox vacib idi.
Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi Cəmşid Xeyrabadi görüşlərin gərgin idman mübarizəsi şəraitində keçdiyini bildirərək ölkəmizi bu qələbə münasibətilə təbrik edib. Gənclər arasında Avropa çempionu Rəsul Çunayev deyib: "Cari ildə ilk hədəfimiz dünya kubokunu qazanmaq idi. Çox sevinirəm ki, ilk istəyimizə nail olduq. Komanda yoldaşlarımla birgə əzmkarlıq nümayiş etdirərək bu qələbəni qazandıq. Bu uğurun əsasında dövlətimizin başçısı İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğı dayanır. Bizim üçün yaradılan yüksək şəraitdən yararlanaraq biz də öz üzərimizdə çalışıb yeni uğurlar qazanırıq”. İsveç güləşçisi ilə görüşün prinsipial xarakter daşıdığını bildirən Rəsul Çunayev əslən erməni olan Şarur Vardanyanı təmiz qələbə ilə məğlub etdiyini diqqətə çatdırıb.

Gənclər arasında Avropa və dünya çempionu İslam Abbasov tarixi qələbədə payı olduğu üçün qürur hissi keçirdiyini bildirib: "Tehranda İran millisini məğlub etməyimiz bizə stimul verdi. Çünki yarış Tehranda təşkil olunduğu üçün İran millisi inamlı təsir bağışlayırdı. Hakimlərin haqsızlıqlarına baxmayaraq, millimiz gücünü nümayiş etdirdi və tarixində ilk dəfə dünya kubokuna sahib oldu”.
Qeyd edək ki, turnirin qrup mərhələsində millimiz ilk olaraq yerli İran idmançıları ilə qarşılaşıb və pəhləvanlarımız gərgin keçən görüşü 6:2 hesablı qələbə ilə başa vurublar. Ardınca Almaniya və İsveç komandalarını 7:1 hesabı ilə məğlub edən yığmamız qrup mərhələsini lider kimi tamamlayıb. Azərbaycan yığmasının Rusiya millisi ilə final görüşü 4:4 hesabı ilə başa çatıb. Hesab bərabər olsa da, güləşçilərimiz xalların keyfiyyətinə görə qələbəyə layiq görülüb.
Yarışda bürünc medallar uğrunda görüşdə Türkiyə millisinə qalib gələn İran yığması üçüncü pillədə qərarlaşıb. Beşinci yer uğrunda görüşdə Macarıstan İsveç millisinə qalib gəlib. Almaniya güləşçilərinə məğlub olan Ermənistan yığması isə dünya kuboku yarışlarını sonuncu pillədə başa vurub.