“Neftçi idman klubu” İB-in İdman xronikası

“Neftçi idman klubu” İB-in İdman xronikası
Taekvondo
Türkiyənin Antalya şəhərində Dünya Taekvondo Federasiyası ilə Türkiyə Taekvondo Federasiyası tərəfindən təşkil olunan "Turkish Open” beynəlxalq turnirinə yekun vurulub. İkinci dəfə keçirilən G1 kateqoriyalı yarışa 70 ölkədən 1200 taekvondoçu qatılıb.
Yığma komandamız turnirdə 46 idmançı ilə təmsil olunub və yarışın 1 qızıl, 1 gümüş, 6 bürünc medalını qazanıb. Qızıl medala "Neftçi İdman Klubu”nun taekvondoçusu Mikayıl Əliyev sahib çıxıb. 54 kq çəki dərəcəsində mübarizə aparan idmançımız bütün görüşləri qələbə ilə başa vuraraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Güləş
İranın Kirmanşah şəhərində Təxti Kuboku uğrunda güləş üzrə beynəlxalq turnir keçirilib. Yarışda 16 ölkənin pəhləvanları qüvvələrini sınayıblar.
Azərbaycan güləşçiləri turnirdə 1 qızıl və 1 gümüş medal qazanıblar. Bu dəfə də qızıl medalı "Neftçi İdman Klubu”nun yetirməsi öz aktivinə yazdırıb. Yunan-Roma güləşi üzrə 59 kq çəki dərəcəsində finalda Azərbaycan təmsilçiləri qarşılaşıblar. Klubumuzun güləşçisi Taleh Məmmədov və digər azərbaycanlı pəhləvan Orxan Əhmədov həlledici mərhələdə mübarizə aparıblar. Hesab 2:2 olsa da, son xalı Taleh Məmmədov aldığından qələbə ona verilib və güləşçimiz qızıl medal əldə edib. Orxan Əhmədov isə gümüş medala layiq görülüb.

***
1998-1999-cu illər təvəllüdlü yeniyetmə yunan-Roma güləşçiləri Gürcüstanın paytaxtı Tbilisidə bir araya gəliblər. Əməkdar məşqçi B.Maysuradzenin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 190 idmançı 10 çəki dərəcəsi üzrə mübarizəyə qoşulub. Klubumuzun idmançısı Elvin Mustafayev (54 kq) turnirin bürünc medalına layiq görülüb.
***
Fevralın 14-də "Sərhədçi” İdman Olimpiya Mərkəzində start götürmüş gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə respublika birinciliyi başa çatıb. Yarışda ölkəmizin müxtəlif şəhər və rayonlarından 148 güləşçi iştirak edib.
"Neftçi İdman Klubu”nun yeniyetmə və gənc güləşçiləri ümumilikdə 21 medala (6 qızıl, 5 gümüş, 10 bürünc) yiyələnib. Sərbəst güləşçilərimizdən Cahid Həsənzadə (60 kq) və Murad Süleymanov (74 kq), yunan-Roma güləşçiləri arasında isə Ramiz Məmmədov (55 kq), Kərim Cəfərov (60 kq), Mehrac Kərimov (74 kq) və Elton Vəzirzadə (84 kq) ölkə birinciliyinin qalibi adını qazanıblar.

Atletika
Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub. Respublika Olimpiya Mərkəzində təşkil olunan yarışda "Neftçi İdman Klubu”nun atletləri də qalib adı uğrunda yarışıblar. Rəqiblərindən aşkar üstünlükləri ilə seçilən idmançılarımız 14 qızıl, 2 gümüş və 2 bürünc medala sahib çıxıblar. Atletlərimizdən Arif Abbasov 400 metr məsafə yarışında, Asəf Mehdiyev 3000 metrdə, Şimşək Əlizadə şüvüllə tullanmada, Vadim Ryabixin 60 və 200 metr, Vüqar Novruzov 800 və 1500 metr məsafəyə qaçışda, Nazim Babayev üçtəkanla tullanmada, Kamil Əliyev uzununa tullanmada, Azər Əhmədov isə hündürlüyə tullanma yarışında çempionluq sevinci yaşayıblar. Xanım atletlərin yarışında isə Şəfa Məmmədova (400 və 800 metr məsafəyə qaçış), Valeriya Balyanina (60 metr) və Aleksandra Biryukova (hündürlüyə tullanma) eyni uğuru təkrarlayıblar.
Qeyd edək, ümumi komanda hesabında atletlərimiz 1-ci yeri tutublar.


Qılıncoynatma
Qılıncoynatma Federasiyasının zalında gənclər arasında Azərbaycan birinciliyi keçirilib. Yarışda 30 gənc qılıncoynadan (20 oğlan, 5 qız) öz bacarığını nümayiş etdirib.
"Neftçi İdman Klubu”nun təmsilçilərindən Cavanşir Ağakişiyev sablyaçı oğlanlar arasında respublika çempionu olub. Xalid Əsədov isə 3-cü pillədə qərarlaşıb. Zərif cinsin nümayəndələri arasında Nərminə Cəfərova eyni növdə liderliyə yüksəlib. Fatimə Məmmədova 2-ci, Günel Məmmədova isə 3-cü yeri tutub.

Cüdo
Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Tərtib olunan yeni siyahını "Neftçi İdman Klubu”nun cüdoçuları üçün uğurlu hesab etmək olar. Təmsilçilərimizdən Orxan Səfərov (60 kq) ötən siyahı ilə müqayisədə bir pillə irəliləyib. O, 1820 xalla reytinq cədvəlinin 4-cü pilləsinə yüksəlib. Cüdoçumuz bu nəticə ilə ən yaxşı göstəriciyə malik olan dünya çempionu Elxan Məmmədova (100 kq) çatıb. Xatırladaq ki, Elxan Məmmədovun aktivində 1612 xal var ki, bu da onun öz çəki dərəcəsində 4-cü olmasına kifayət edir. Elxanla eyni çəki dərəcəsində olan Elmar Qasımov da mövqeyini yaxşılaşdırıb. İdmançımız 100 kq çəkidə bir pillə irəliləyərək 5-ci sırada qərar tutub. İlk "onluq”da yer alan cüdoçulardan Rüstəm Orucov (73 kq) da bir pillə irəliləyib. Aktivində 1234 reytinq xalı olan təmsilçimiz 10-cu pilləni 9-cu pillə ilə əvəzləyib. Digər cüdoçumuz İlqar Müşkiyev (60 kq) isə 1068 xal toplayaraq 10-cu pillədə yer alıb. Məhəmmədəli Mehdiyev (81 kq) və Kifayət Qasımova (57 kq) da mövqelərini toxunulmaz saxlayıblar. Onlar yenə də müvafiq olaraq, reytinq siyahısının 52-ci və
25-ci sırasındadırlar.
Zədə səbəbindən son yarışlarda iştirak etməyən Nicat Şıxəlizadə (66 kq) 12-ci, Tural Səfquliyev (81 kq) isə 73-cü pilləyə enib. Qeyd edək ki, bu idman növündə Olimpiya oyunlarına lisenziya reytinq cədvəlinə əsasən verilir.