Olimpiya çempionunun şəxsi məşqçisi 65 illik yubileyini qeyd etdi

Olimpiya çempionunun şəxsi məşqçisi 65 illik yubileyini qeyd etdi

London Yay Olimpiya Oyunlarının çempionu Toğrul Əsgərovun şəxsi məşqçisi, "Şöhrət” ordenli əməkdar məşqçi Elçin Zeynalovun dünən 65 yaşı tamam olub.
Elçin Zeynalov sərbəst güləş idman növü üzrə məşqçi-müəllim vəzifəsində çalışır. Onun bir çox yetirməsi dünya, Avropa birinciliyinin, Dünya kubokunun qalibi və mükafatçıları olub. Elçin müəllimin yetirməsi Toğrul Əsgərov ötən il Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında sərbəst güləş üzrə qızıl medal qazanıb.
1973-cü ildə SSRİ idman ustası, 1989-cu ildə əməkdar məşqçi adlarına layiq görülən Elçin Zeynalov Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2008-ci il Sərəncamı ilə "Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı ilə tətlif olunub. Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2012-ci il Sərəncamı ilə ölkəmizdə güləş idman növünün inkişafındakı xidmətlərinə görə "Şöhrət” ordeninə layiq görülüb.
Azərbaycan Güləş Federasiyasının rəhbərliyi və kollektivi adından 65 illik yubileyi münasibətilə Elçin Zeynalovu təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.