Sənaye işçiləri stolüstü tennis turnirində

Sənaye işçiləri stolüstü tennis turnirində

"Neftçi İdman Klubu” İctimai Birliyi SOCAR-ın idarə və müəssisələrində çalışan neft, qaz və kimya sənayesi işçiləri arasında stolüstü tennis üzrə növbəti turnir keçirdi. Fevralın 23-24-də klubun Suraxanı qəsəbəsində yerləşən Tofiq İsmayılov adına Olimpiya Təlim İdman Kompleksinin tennis zalında təşkil olunan yarışda 11 komanda iki yarımqrupda mübarizə aparırdı. Birinci yarımqrupda Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu, "Azərkimya” İstehsalat Birliyi-1, "Neftqaztikinti” Tresti, "28 May” NQÇİ, "Siyəzənneft” NQÇİ-1, ikinci yarımqrupda Qaz Emalı Zavodu, "Neft Daşları” NQÇİ, "Abşeronneft” NQÇİ, "Siyəzənneft” NQÇİ-2, H.Z.Tağıyev adına NQÇİ və "Azərkimya” İstehsalat Birliyi-2 komandaları yer almışdılar.
Turnirin keçirilməsində əsas məqsəd neft, qaz və kimya sənayesi işçilərinin asudə vaxtlarının səmərəli təşkili, onların stolüstü tennis idman növünə daha geniş formada cəlb olunması, müəssisələr və onların işçiləri arasında dostluq əlaqələrinin yaradılması və möhkəmləndirilməsi, Respublika Spartakiadasında təmsil olunmaq üçün yığma komandanın müəyyən olunması idi.
Qaydaya görə, komanda yarışları yarımqruplara bölünərək "dairəvi sistem” üzrə keçirilirdi. Sonra yarımqrupların qalibləri arasında "uduzub çıxma” sistemi üzrə davam etdirilirdi. Şəxsi yarışlar isə "-2” sistemi ilə təşkil olunmuşdu. Komandanın tərkibi 4 nəfərdən (2 kişi, 1 qadın və 1 nümayəndə) ibarət idi. Hər müəssisə turnirə iki komanda ilə qatıla bilərdi.
Gərgin mübarizə şəraitində keçən yarışda Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun komandası həmişə olduğu kimi, bu dəfə də rəqiblərindən aşkar üstünlüyü ilə seçilirdi və nəticədə komanda yarışlarında bu kollektiv turnirin qalibi adını qazandı. "Azərkimya-1” komandası 2-ci, "Neft Daşları” NQÇİ isə 3-cü yeri tutdu.
Kişilərin şəxsi yarışında da bütün yerləri Heydər Əliyev adına BNEZ komandasının üzvləri "zəbt etdilər”. Aleksandr Prosalov, Valeh Musayev və Süleyman Alimov müvafiq olaraq, 1-ci, 2-ci və 3-cü pillədə qərarlaşdılar. Qadınlar arasında isə Svetlana Kayumova (Heydər Əliyev adına BNEZ) liderliyə yüksəldi. Rəhimə Əhmədova ("Neft Daşları” NQÇİ) 2-ci, Gülər Qasımova ("Azərkimya” İstehsalat Birliyi) isə 3-cü yerə çıxdı.
Tədbirin sonunda düzənlənən mükafatlandırma törənində ilk öncə Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Ardınca "Neftçi İdman Klubu”nun kütləvi bədən tərbiyəsi üzrə meneceri Akif Məmmədov çıxış edərək, yarış iştirakçılarına ürək sözlərini çatdırdı. O, turnirdə göstərdikləri fəallığa görə yarış iştirakçılarına klubun idarəetmə aparatının rəhbəri Sadıq Sadıqovun adından dərin minnətdarlığını bildirdi və onları növbəti yarışlarda daha aktiv olmağa çağırdı.
Sonda komanda və şəxsi yarışlarda 1-ci, 2-ci və 3-cü yerləri tutmuş iştirakçılara "Neftçi İdman Klubu”nun qiymətli xatirə hədiyyələri və diplomlar təqdim olundu.

"Neftçi İdman Klubu”
İctimai Birliyinin
mətbuat xidməti