Gimnastika çempionatında 22 ölkədən idmançılar iştirak edəcəklər

Gimnastika çempionatında 22 ölkədən idmançılar iştirak edəcəklər



Martın 3-də Heydər Əliyev Mərkəzində Bakıda keçiriləcək test-turniri xarakteri daşıyan gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatına həsr olunmuş mətbuat konfransı keçirilib.
Konfransda Azərbaycan Gimnastika Federasiyasının baş katibi, Avropa Gimnastika İttifaqının (AGİ) vitse-prezidenti Fərid Qayıbov, AGİ-nin prezidenti Jorj Gelzek, Bakı-2015 Avropa Oyunlarını Əməliyyat Komitəsinin idman şöbəsinin direktoru Pirs O.Kallahan və başqaları çıxış ediblər.
F.Qayıbov bildirib ki, çempionatda 22 ölkədən idmançılar iştirak edəcək. Onların arasında ABŞ və Qazaxıstandan idmançılar da yer alacaq. Avropa Olimpiya oyunlarının gimnastika növləri üzrə püşkatmasının hesabatı ilə çıxış edən J.Gelzek bildirib ki, çempionat beynəlxalq qaydalara uyğun olaraq keçiriləcək. Birincilidə gimnastika üzrə Avropa çempionatının qalibləri də iştirak edəcəklər və bu idmanın bədii növünə daha çox diqqət yetiriləcək. Yenilik barədə danışan J.Gelzek diqqətə çatdırıb ki, çempionatda bədii gimnastika ilə akrobatika növləri üzrə idmançıların qarışıq çıxışları böyük marağa səbəb olacaq.

Pirs O.Kallahan deyib: "Qitənin ən yaxşı idmançılarının iştirakı ilə Bakıda keçiriləcək Avropa Oyunları möhtəşəm idman bayramı olacaq. Biz Azərbaycanın və bütün Avropanın qürur duyacağı yarışlar keçirməyə çalışırıq”. O, həmçinin bildirib ki, birinci Avropa Oyunlarında gimnastika üzrə 27 kişi və 26 qadın gimnastının iştirakı gözlənilir.
AGİ-nin akrobatika üzrə texniki komitəsinin prezidenti Karin Şarlye akrobatika növünün gimnastika oyunlarına əlavə edilməsi bu idman növünün inkişafında böyük rol oynadığını diqqətə çatdırıb. Akrobatikada balans və dinamikaya böyük önəm veriləcək. Belarus idmançıları zədə aldıqlarına görə oyunda iştirak etməsələr də, digər ölkələrin idmançıları onların yerini dolduracaqlar.
Aerobika növü barədə danışan AGİ aerobika üzrə texniki komitəsinin prezidenti Mariya Kristina Kazentini bildirib ki, yarışlar qrup və qarışıq cütlüklər arasında keçiriləcək.
Konfransda Azərbaycan Gimnastika Federasiyasının yeni saytının və loqosunun təqdimatı olub. Məlumat verilib ki, yeni loqo Xəzər dənizini, gözəlliyi, Bakının arxitekturasını və incəliyi tərənnüm edir.
Tədbirdə birinci Avropa Oyunlarına cəmi 100 gün qaldığı qeyd olunub.
Sonda Bakı-2015 Avropa Oyunlarına həsr olunan videoçarx nümayiş etdirilib.