Açıq Azərbaycan çempionatının açılış mərasimi keçirilib

Açıq Azərbaycan çempionatının açılış mərasimi keçirilib


Martın 4-də Bakıda, Milli Gimnastika Arenasında test-turniri xarakteri daşıyan gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatının təntənəli açılış mərəsimi keçirilib.
Əvvəlcə iştirakçı ölkələrin keçidi olub.
Avropa Gimnastika İttifaqının prezidenti Jorj Gelzek gimnastları salamlayaraq bildirib ki, 100 gündən sonra idmanın 20 növü üzrə qitənin 6 mindən artıq idmançısı birinci Avropa Oyunlarında iştirak etmək məqsədilə Bakıda toplaşacaq. Bunu tarixi hadisə hesab edən J.Gelzek deyib ki, açıq Azərbaycan çempionatında idmançılar gimnastikanın 6 növü üzrə yarışacaqlar. Avropa ənənəvi olaraq güclü idman qitəsi hesab edilir. İstedadlı idmançıların gərgin səylərinin nəticəsidir ki, Avropa Olimpiya dəyərlərinə əsaslanan lider rolunu oynamaqda davam edir. Bu, turnirin gərgin idman mübarizəsi şəraitində keçəcəyindən xəbər verir. "Gimnastlara ən xoş arzularımı çatdıraraq iştirakçı ölkələrin və tamaşaçıların Azərbaycan paytaxtında maraqlı yarış günləri yaşayacaqlarına inanıram”-deyə J.Gelzek bildirib.
Azərbaycanın gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov qonaqları salamlayıb, idmançılara uğurlar arzulayıb.
Nazir müavini qeyd edib ki, gimnastika Azərbaycanda sevilən idman növüdür və çoxsaylı tamaşaçı rəğbəti qazanıb. Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının rəhbəri seçildikdən sonra idmanın bu növünə maraq daha da artıb, gimnastlarımızın nailiyyətləri çoxalıb. Ölkəmizin ev sahibliyi etdiyi bütün beynəlxalq tədbirlər yüksək səviyyədə təşkil olunur və əsl idman bayramına çevrilir.
İ.İsmayılov vurğulayıb ki, Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev ölkədə uğurlu idman siyasətinin həyata keçirilməsində müstəsna rol oynayır. Dövlətimizin diqqət və qayğısı nəticəsində respublikamızda yeni idman obyektləri inşa edilir.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra çempionatın bədii gimnastika üzrə yarışlarına start verilib. Xalça üzərinə Azərbaycanın yeniyetmə gimnastları dəvət olunublar.
Martın 6-dək davam edəcək açıq Azərbaycan çempionatında 22 ölkədən gimnastları iştirak edirlər.