Açıq birincilikdə fərqlənənlərə mükafatlar təqdim edilib

Açıq birincilikdə fərqlənənlərə mükafatlar təqdim edilib


5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar olaraq Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin "Gömrükçü” İdman Klubunun qılıncoynatma idman növü üzrə qadınlar və kişilər arasında açıq birinciliyi keçirilib. Yarışın təşkilində məqsəd Azərbaycanda qılıncoynatma idman növünü təbliğ və inkişaf etdirmək, klubun güclü və perspektivli idmançılarını üzə çıxarmaq, yığma komandanın tərkibini müəyyənləşdirmək, idmançıların ustalıq və təcrübələrinin artırılması olub. Şəxsi birincilik xarakteri daşıyan yarış qılıncoynatmanın şpaqa növü üzrə təşkil edilib. Yarışlarda 25 idmançı (kişilər və qadınlar) qüvvəsini sınayıb. Birinciliyin açılış mərasimində Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Dövlət Gömrük Komitəsi İdman-Sağlamlıq Mərkəzinin direktoru, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) sədri Xəzər İsayev, Azərbaycan Qılıncoynatma Federasiyasının I vitse-prezidenti Yaşar Məmmədov, eləcə də Gənclər və İdman Nazirliyinin nümayəndələri iştirak ediblər.
Yarışlarda idmançılara Azərbaycan Ədalətli Oyunlar Komissiyasının rəhbərliyi tərəfindən müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim olunub.
Yaşar Məmmədova "Ədalət prinsiplərinə sadiq idman xadimi”, Samirə Hüseynova və Elmira Xudaverdiyevaya "Ədalət prinsiplərinə sadiq idmançı” nominasiyasında mükafatlar təqdim olunub. Yarışda həmçinin Samirə Hüseynova "ən texnikalı idmançı”, Etibar Namazov "ən əzmkar idmançı”, Məryəm Bağbanlı, Sudef Quliyev "ən yaxşı məşqçi”, Vəkil Nəsibov "ən yaxşı hakim” adına layiq görülüblər.
Gərgin keçən yarışlardan sonra qaliblər müəyyənləşib.
Samirə Hüseynova qalib adını qazanıb. Məryəm Məlikova ikinci, Elmira Xudaverdiyeva və Nübar Məlikova bürünc medallar qazanıblar.
Kişilər arasında Kənan Əliyev bütün rəqiblərindən üstün olub. Vəkil Nəsibov ikinci pillədə qərarlaşıb. İslam Yusufov və Nəcəf Məhərrəmov üçüncü yeri tutublar.