Kişi hokkeyçilərimiz mötəbər yarışa yollanıblar

Kişi hokkeyçilərimiz mötəbər yarışa yollanıblar


Növbəti yay Olimpiya oyunlarında iştirak etmək hüququnu reallaşdırmaq üçün Azərbaycanın qadın və kişi otüstü hokkeyçilərdən ibarət milli komandaları Dünya Hokkey Liqası turnirinin mərhələ yarışlarında mübarizə aparırlar. Kişi otüstü hokkeyçilərdən ibarət milli komandamız ötən ilin sentyabr ayında Omanın Muskat şəhərində Dünya Hokkey Liqası turnirinin I mərhələsində qalib gələrək II raunda vəsiqə qazanmışdı. 2015-ci ilin fevral ayında isə qadın hokkeyçilərdən ibarət yığmamız Uruqvayın Montevideo şəhərində təşkil edilən Dünya Hokkey Liqasının II raundunda III yeri tutub. Qeyd edək ki, qadın hokkeyçilərimizin növbəti mərhələdə iştirak edib-etməyəcəyi barədə rəsmi məlumat bu ay Hindistanda və İrlandiyada keçirilən yarışların yekununda bəlli olacaq.
Martın 7-dən 15-dək Cənubi Afrika Respublikasının (CAR) Keyptaun şəhərində keçiriləcək analoji turnirdə ölkəmizin kişi otüstü hokkeyçilərdən ibarət milli komandasının iştirakı maraqla gözlənilir. Qadınların yarışından fərqli olaraq, CAR-da yarışan 8 yığma arasında ilk 3 yeri tutanlar birbaşa III mərhələyə çıxacaqlar. Hokkeyçilərimiz ciddi sınaq qarşısında son hazırlığı Bakıda keçərək, martın 3-də Keyptauna yola düşüblər. "B” qrupuna daxil olan hokkeyçilərimiz Dünya Hokkey Liqası turnirinin II raundunda ilk oyunda Fransa millisi ilə qarşılaşacaq. Komandamız növbəti gün Belarus, martın 10-da Çexiya təmsilçilərinə qarşı mübarizə aparacaq. "A” qrupunda isə Misir, İsveçrə, CAR və Çin Xalq Respublikasının milli komandaları yarışacaqlar. İlkin mərhələ başa çatdıqdan sonra martın 12-də qrup qalibləri 1/4 finalda digər qrupda 4-cü yeri tutan komanda ilə görüşəcəklər. Qruplarda II yeri tutanlar isə digər qrupun üçüncüsü ilə qarşılaşacaqlar. 1/4 finalın qalibləri martın 14-də yarımfinalda görüşərək, finalçıları aşkar edəcəklər. Final görüşünün qalibi və digər yerlərin sahibləri martın 15-də müəyyənləşəcək. Qeyd etdiyimiz kimi, bu yarışın mükafatçıları Dünya Hokkey Liqasının növbəti raunduna birbaşa vəsiqə qazanacaqlar.