Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin İdman şöbəsinin direktoru Pirs O Kollahanın gimnastika növləri üzrə birgə Açıq Azərbaycan çempionatı çərçivəsində Avropa Oyunlarına sınaq xarakterli yarışların təşkili ilə bağlı «olimpnews.az» saytına müsahibə verib.
- Cənab Pirs, bugünlərdə ölkəmizdə Avropa Oyunlarına hazırlıqla bağlı daha bir sınaq yarışı yekunlaşmaq üzrədir. Gimnastika növləri üzrə keçirilən yoxlama yarışının təşkilatçılıq səviyyəsi ilə bağlı fikirlərinizi bilmək istərdik.
- Avropa Oyunlarına test xarakterli gimnastika növləri üzrə birgə Açıq Azərbaycan çempionatına bir sıra rəsmi nümayəndələr dəvət olunublar. Avropa Gimnastika İttifaqının rəsmiləri yarışın təşkilindən razıdırlar. Bildiyiniz kimi, tarixdə ilk dəfə olaraq hər hansı yarışda gimnastikanın 6 növü üzrə yarışlar birgə keçirilir. Bu bir yenilikdir. Düşünürəm ki, yarışların təşkiliatçılıq səviyyəsi yüksəkdir və bu məsələdə istəyimizə nail olmuşuq. Çempionatda güclü bir komanda çalışır. Ümumiyyətlə, Azərbaycan Gimnastika Federasiyası ilə birgə işləməkdən məmnunuq.
- Avropa Oyunlarında gimnastika yarışlarına biletlərin satışı necə həyata keçiriləcək?
Bir bilet əldə edən azarkeş eyni zamanda 6 növ üzrə yarışları izləmək imkanına malik olacaqmı?
- Azarkeşlər gimnastikanın bütün növləri üzrə yarışları eyni vaxtda izləyə biləcəklər. Avropa Oyunları zamanı gimnastika yarışları üçün nəzərdə tutulan biletlə hər hansı azarkeş gün ərzində yarışları izləmək imkanı qazanacaq. Yəni, bir bilet Milli Gimnastika Arenasına bir günlük giriş üçün nəzərdə tutulub. Düzü, sınaq yarışında biz bilet məsələsi ilə bağlı müəyyən çətinliklərlə rastlaşdıq. Azarkeşlər üçün nəzərdə tutulan pulsuz şərti biletlər yetərli olmadı. Yarışları izləməyə gələnlər gözlədiyimizdən artıq oldu. Azarkeşlərə bilet çatmadığı üçün giriş sistemində dəyişikliklər etməli olduq. Əlbəttə ki, sınaq yarışlarında bu cür hallarla qarşılaşmağımız çox yaxşı oldu. Bu o deməkdir ki, Avropa Oyunları zamanı azarkeşlərin sayı daha da çox olacaq. Bu, bir daha onu göstərir ki, azərbaycanlılar idman yarışlarını izləməyə çox maraq göstərirlər.
- Avropa Oyunları ilə bağlı daha hansı sınaq yarışlarının təşkili planlaşdırılır?
- Ümumilikdə proqrama daxil olan 20 idman növünün hər biri üzrə sınaq yarışlarının keçirilməsi nəzərdə tutulub. Bu, dördüncü sınaq yarışdır. Aprel ayında daha iki növ-güləş və boks üzrə test yarışları keçiriləcək. İki növ üzrə yarışlar eyni vaxtda təşkil olunacaq. Bu bizə eyni zamanda iki növ üzrə yarışların təşkilini sınaqdan keçirmək imkanı verəcək. Nəzərə almaq lazımdır ki, Avropa Oyunları zamanı 20 növ üzrə yarışlar eyni vaxtda keçiriləcək. Əlbəttə ki, sınaq yarışları bizə bir sıra məsələləri sınaqdan keçirmək imkanı yaradır. Amma nəzərinizə çatdırım ki, bu yarışların təşkilində əsas məqsəd azarkeşləri, nəqliyyatı deyil, əsasən, idman növlərini və bununla bağlı təşkilatçılıq məsələlərini sınaqdan keçirməkdir.
Məsələn, bunlar rəsmilərin iştirakı, atletlərin çıxış sıralamalı, qiymətləndirmə sistemi, idman avadanlıqları və s. ilə bağlı məsələlərdir. Qarşıda 97 gün var. Düşünürəm ki, bu müddət ərzində bütün məsələlər öz lazımi həllini tapacaq və Avropa Oyunları ən yüksək səviyyədə təşkil ediləcək.
Aysel Sultanova