Bədii gimnastika üzrə yığma komandanın baş məşqçisi Marianna Vasileva ölkəmizdə keçirilən Avropa Oyunlarına test xarakterli gimnastika növləri üzrə birgə Açıq Azərbaycan çempionatı ilə bağlı fikirlərini «olimpnews.az» saytı ilə bölüşdü.
- Dünən bədii gimnastlar çoxnövçülük və fərdi yarışlarda qüvvələrini sınadılar. Gimnastların çıxışından razı qaldım. Xüsusilə yığma komandanın lideri Marina Durunda lazımi səviyyədə çıxış etdi. Yığmanın digər üzvləri Gülsüm Şəfizadə, Ayşən Bayramova və Zeyneb Celep özlərini daha yaxşı tərəfdən göstərdilər. Qrup hərəkətləri üzrə yarışlarının sürpriz nəticəsi birinci heyətin ikincini qabaqlaması oldu. Əlbəttə ki, gimnastlar arasında rəqabətin artması məni çox sevindirir. Qrup hərəkətləri üzrə komanda bürünc medala layiq görüldü. Bu onlar üçün böyük stimuldur. Hər iki komandanın heyətində yer alan gimnastlar bundan sonra öz üzərində daha çox işləməyə başlayacaq.
Ümumiyyətlə, bədii gimnastika üzrə yarışlarda güclü rəqabət var. Sınaq yarışında bir sıra güclü gimnastika ölkələri iştirak edirlər. Bakıya gələn gimnastların demək olar ki, böyük əksəriyyəti Avropa Oyunlarında iştirak edəcəklər. İdmançılar arasında rusiyalı ikiqat dünya çempionu Yana Kudryavtseva ən güclü idmançılardandır. Rusiyanın və Fransanın qrup hərəkətləri yığmaları əsas rəqiblər sırasındadırlar. Finlandiya, Macarıstan, İtaliya, Qazaxıstan komandalarının heyətində kifayəd qədər titullu və təcrübəli idmançılar var.
Avropa Oyunlarında gimnastlarımızı medal qazanmaq şansları çoxdur. Sadəcə onlar bu imkandan maksimum yararlanmalıdırlar. İdmançıların sınaqdan keçirilməsi baxımından bu yarış bizim üçün mühüm əhəmiyyət kəsb edirdi. Hazırlığın hansı səviyyədə olduğunu bir daha nəzərdən keçirdik. Əminliklə deyə bilərəm ki, çox qısa zaman ərzində demək olar ki, bütün hazırlıq işləri yüksək səviyyədə həyata keçirilib. Komandanın üzvləri Avropa Oyunlarında Açıq Azərbaycan çempionatında çıxış etdikləri proqramla da çıxış edəcəklər. Düşünürəm ki, komandanın yeganə zəif cəhəti psixoloji gərginliklə bağlı idi. Əlbəttə ki, doğma divarlar arasında çıxış etmək böyük məsuliyyət tələb etdiyindən, gimnastların narahatçılığını normal hesab etmək olar. Gimnastlarımız yeni mövsümə sınaq yarışı ilə start verdilər. Avropa Oyunlarına qədər komandanın üzvləri Dünya kubokunun mərhələləri, Qran-pri və beynəxlaq yarışlarında qüvvələrini sınaycaqlar.