Yasamalda 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir keçirildi

Yasamalda 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir keçirildi

Martın 4-də Yasamal rayon İcra Hakimiyyətinin akt zalında "Bakı-2015 I Avropa Oyunları -100 gün” və 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev, millət vəkili Ülvi Quliyev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Pekin-2008 Yay Olimpiya Oyunlarının qızıl medalçısı, Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli və idman ictimaiyyətinin digər nümayəndələri iştirak edirdilər. Toplantının əvvəlində akt zalının foyesində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin Bakı-2015 Avropa Oyunlarına həsr olunmuş rəsm işlərindən ibarət sərgi və film nümayiş olundu.
Tədbiri giriş sözü ilə açan Yasamal rayon Gəncər və İdman İdarəsinin rəisi İlham Səfərov iştirakçıları salamlayaraq ölkəmizdə idmanın inkişafından danışdı. "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamı ilə 5 mart - Bədən Tərbiyəsi və İdman Günü elan edilib. Bu da ölkə rəhbərliyinin idmana və idmançılara olan tükənməz qayığısının bariz nümaunəsidir. Paytaxtla yanaşı, bölgələrimizdə də ən müasir tələblərə cavab verən Olimpiya idman kompleksləri gənclərin istifadəsinə verilir. Sevindirici haldır ki, atletlərimiz onlara yaradılan şəraitdən maksimum yararlanaraq ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil edirlər. Bütün bunlar ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğının nəticəsidir. 100 gündən sonra ölkəmiz I Avropa Oyunlarına ev sahibliyi edəcək. 49 ölkənin iştirakı ilə keçirilən yarışda 20 idman növündə 6 mindən çox idmançı öz gücünü sınayacaq. Bütün dünyanın nəzəri iyun ayında Azərbayacana yönələcək. Bu mötəbər yarış ölkəmizin idman sahəsində bir daha tanınmasında mühüm rol oynayacaq. İnanıram ki, idmançılarımız Avropa Oyunlarında ölkəmizi layiqincə təmsil edəcəklər. Ötən dövr ərzində idarəmiz tərəfindən yeniyetmə və gənclər arasında bədən tərbiyəsi və idmanın inkişafı istiqamətində bir sıra yarışlar keçirilib. İdmanın küləviliyinin artırılması bizim qarşımızda duran ən mühüm məsələlərdən biridir”, - deyə İlham Səfərov qeyd etdi.

Tədbirdə çıxış edən Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov paytaxtın bütün inzibati rayonlarında 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı tədbirlər keçirildiyini vurğuladı. "10 ildir ki, bu bayram Azərbaycanda qeyd olunur. Ölkəmizdə keçirilən idman yarışları, idmançıların beynəlxalq arenalarda qazandığı uğurlara görə Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Respublika Prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra idmanın inkişafı istiqamətində xeyli işlər görüldü. Bu məqsədyönlü işlərin məntiqi nəticəsidir ki, 100 gündən sonra ölkəmiz I Avropa Oyunlarına ev sahibliyi edəcək. Bu yarışlar Azərbaycanı daha da tanıdacaq. İnanıram ki, Avropa Oyunları yüksək səviyyədə keçiriləcək”, - deyə Raqif Abbasov əlavə etdi.
Tədbirdə çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə xalqımızı təbrik etdi. "İyun ayında ölkəmizdə keçiriləcək Avropa Oyunlarına 100 gün qalır. Tarixə nəzər yetirsək görərik ki, Olimpiya oyunlarını keçirməyə hazırlaşan dövlətlərə ən azı 8 il vaxt verilir. Avropa Oyunlarının keçirilməsi üçün isə ölkəmizin iki ildən bir qədər çox zamanı var idi. Təbii ki, bu, mötəbər yarışa hazırlıq baxımından çox az bir vaxt demək idi. Lakin qısa bir zaman ərzində ölkəmizdə yarışa hazırlıqla bağlı böyük işlər görüldü. İnanıram ki, Azərbaycan idmançıları Avropa Oyunlarında böyük əzmkarlıq göstərərək mükafatçılar sırasında yer alacaqlar”, - deyə Xəzər İsayev bildirdi.
Olimpiya çempionu Elnur Məmmədli öz çıxışında azarkeşləri Avropa Oyunlarında idmançılarımızı dəstəkləməyə çağırdı. "Bakı-2015 Avropa Oyunlarının ölkəmizdə təşkil olunması Azərbaycanın beynəlxalq arenalarda qazandığı böyük etimaddan xəbər verir. İdmançılarımız doğma azarkeşlər önündə çıxış edəcəklər. İnanıram ki, təmsilçilərimiz bu şansdan maksimum yararlanaraq ölkəmizin bayrağını yüksəklərə qaldıracaqlar. Bunun üçün isə, ilk növbədə, idmançıların azarkeşlərin mənəvi dəstəyinə ehtiyacı var. Mənəvi dəstək qələbəyə aparan yoldur. Çox istərdim ki, azarkeşlərimiz yarış vaxtı arenalara gələrək idmançılarımızı qələbəyə səsləsinlər”, - deyə qeyd etdi.
Millət vəkili Ülvi Quliyev idmançılarımızın növbəti tarixi sınaq qarşısında olduğunu və bu sınaqdan üzağ çıxacaqlarına ümid etdiyini bildirdi.
"Avropa Oyunları Azərbaycanın beynəlxalq aləmdə daha böyük nüfuz qazanmasında əhəmiyyətli bir idman tədbiridir. Biz bu mötəbər yarış sayəsində ölkəmizin tarixi ənənələrini mədəniyyətini, qonaqpərvərliyin və idman ölkəsi kimi tanındığını bütün dünyaya sübut edəcəyik. Avropa Oyunları ölkəmizin turizm potensialını da möhmkələndirəcək. Azərbaycanda müxtəlif idman qurğuları tikilir, yeni bazalar yaradılır. Sözsüz ki, bu idman qurğuları gələcəkdə idmançılarımızın yeni uğurlar qazanmasında böyük rol oynayacaq. İnanıram ki, Azərbaycan Avropa Oyunlarına uğurla ev sahibliyi edəcək. Bunun üçün bizim çox güclü potensialımız və böyük təcrübəmiz var”, - deyə Ülvi Quliyev bildirdi.
Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev tədbir iştirakçılarını salamlayaraq, Avropa Oyunlarına ev sahibliyi ərəfəsində rayonda aparılan quruculuq və abadlıq işlərindən danışdı. "Ölkəmizdə son illərdə idman yüksələn xətlə inkişaf edir. Azərbaycanda idmana göstərilən dövlət qayğısı atletlərimizin yeni qələbələrinə yol açır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan idman siyasəti bu gün Azərbaycan Respubliknın Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Yasamal rayonunda Avropa Oyunlarına hazırlıqla bağlı müəyyən tədbirlər həyata keçirilir. Küçələrdə abadlıq işləri aparılır, binaların fasadları dəyişdirilir. Həmçinin gəncərin idmanla məşğul olması və asudə vaxtlarının səmərəli təşkili üçün rayonumuzda idman qurğuları yaradılıb”, - deyə İbrahim Mehdiyev qeyd etdi.
Tədbirin sonunda müxtəlif nominasiyalar üzrə mükafatlandırma mərasimi keçirildi.