“Neftçi idman klubu” İB-in İdman xronikası

“Neftçi idman klubu” İB-in İdman xronikası

Futbol
Fevralın 25-də bir oyunla start götürən futbol üzrə birinci divizionun 17-ci turuna yekun vurulub. Bu turda "Ağsu” və "Qaradağ Lökbatan” komandaları qarşılaşıb. "Qaradağ Lökbatan” komandası qalib gəlib. Sabir Allahquliyevin 47-ci dəqiqədə vurduğu yeganə qol matçın taleyini həll edib. Bununla da Əfqan Talıbovun yetirmələri xallarının sayını 35-ə çatdırıblar və 3-cü yerdə qərarlaşan "Ağsu” klubu ilə aralarındakı xal fərqini 3-ə endiriblər. Hazırda "Qaradağ Lökbatan” turnir cədvəlində 4-cü sırada yer alıb.


Voleybol
Azərbaycan Voleybol Federasiyasının idman zalında kişilər arasında yüksək liqanın I turunun oyunları keçirilib. Ölkə çempionatında "Neftçi İdman Klubu” İB, "Binəqədi”, "Nəqliyyatçı” və "Ali Hərbi Akademiya” komandaları mübarizə aparıblar.
"Neftçi İdman Klubu” əvvəlcə "Ali Hərbi Akademiya”, ardınca "Nəqliyyatçı”, daha sonra isə "Binəqədi” komandaları ilə üz-üzə gəlib. Voleybolçularımız bütün görüşləri yüksək səviyyədə keçiriblər və nəticədə, hər üç rəqibi eyni hesabla - 3:0 məğlub edərək liderliyə yüksəliblər. Hazırda komandamız 9 xalla turnir cədvəlinə başçılıq edir.
Qeyd edək ki, II turun oyunları 12-14 martda təşkil olunacaq.

Boks
Gənclər arasında (1997-1998) boks üzrə respublika birinciliyinə yekun vurulub. Hövsan Olimpiya İdman Kompleksində təşkil olunan yarışa ölkənin müxtəlif şəhər və rayonlarından 177 dəri əlcək sahibi qatılıb.
Klubumuz birincilikdə 18 boksçu ilə təmsil olunub. İdmançılarımızdan 6-sı mükafatçılar sırasına düşüb. Onlardan 91 kq çəki dərəcəsində mübarizə aparan Şükran Mehdiyev bütün görüşlərdən qalib ayrılıb və çempionluq sevinci yaşayıb. Yalnız həlledici final qarşılaşmasında məğlub olan İbrahim İmanov (56 kq) gümüş medala layiq görülüb. Rəşid Hüseynli (49 kq), Rüfət Bənifəşirəti (56 kq), Elvin Məhərrəmov (69 kq) və Asif Aslanov (81 kq) isə yarışı 3-cü yerdə başa vurublar.
Birinciliyin qalibləri noyabrda Polşada keçiriləcək gənclər arasında Avropa birinciliyində çıxış edəcəklər.


Atletika
Respublika Olimpiya Mərkəzində 1996-1997-ci illər təvəllüdlü idmançılar arasında keçirilən atletika üzrə Azərbaycan birinciliyi sona çatıb.
"Neftçi İdman Klubu”nun atletləri də yarışda bacarıqlarını nümayiş etdiriblər. Təmsilçilərimizdən Nazim Babayev üçtəkanla tullanmada (16,75 metr), Ələsgər Məmmədov hündürlüyə tullanmada (1,95 metr), Şimşək Əlizadə isə şüvüllə tullanma (4 metr) yarışlarında qalib adını qazanıblar. Zərif cinsin nümayəndələri arasında Səyyarə Muradova nüvəitələmə növündə 6,20 metr nəticə ilə birinci yeri tutub.


Ağırlıqqaldırma
AAAF Parkın yarış zalında yeniyetmələr arasında ağırlıqqaldırma üzrə respublika birinciliyi keçirilib. Ölkənin müxtəlif şəhər və rayonlarından olan 20 komandanın tərkibində 200-dən artıq idmançı gücünü sınayıb. Yarışın əsas məqsədi sentyabrda keçiriləcək Avropa birinciliyində iştirak egəcək əsas heyətin açıqlanması və yeniyetmələrin bu mötəbər yarışa hazırlanmasından ibarət olub.
"Neftçi İdman Klubu”nun ağırlıqqaldıranı Asxab Kalayev (+94 kq) birdənqaldırmada 115 kq, təkanla qaldırma yarışlarında isə 145 kq ağırlığı başı üzərinə qaldırıb. İki hərəkətin cəmində 260 kq nəticə göstərən atletimiz birinciliyin qızıl medalına sahib olub.

Cüdo
Macarıstanın Eger şəhərində paralimpiyaçı cüdoçular arasında Dünya kuboku yarışları keçirilib. Böyüklər və gənclər arasında təşkil olunan turnirdə "Neftçi İdman Klubu”nun idmançıları yüksək nailiyyətlər əldə ediblər. Böyüklərin yarışında paralimpiyaçılarımız 2 qızıl (Ramil Qasımov , 73 kq) və İlham Zəkiyev, +100 kq), 1 gümüş (Səbinə Abdullayeva, 57 kq), gənclər arasında keçirilən yarışda isə 2 qızıl medala (Səxavət Qasımov, 60 kq və Səbinə Abdullayeva, 57 kq) sahib olublar.

Atletika
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən paralimpiyaçılar arasında atletika üzrə VII Fazza "Qran-pri” turniri başa çatıb. Klubumuzun yarışda təmsil olunan atletlərindən Hüseyn Həsənov uzunluğa tullanma yarışlarında bütün rəqiblərini üstələyərək turnirin qızıl medalını qazanıb. Oloxan Musayev və Samir Nəbiyev diskatma yarışlarında gümüş medal əldə edib. Solmaz Səfərova isə nüvəitələmə yarışlarında bürünc medala yiyələnib.

"Neftçi İdman Klubu”
İctimai Birliyinin
mətbuat xidməti