Milli Gimnastika Arenasında test-turniri xarakteri daşıyan gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatı martın 6-da başa çatıb.
Çempionatın sonuncu günü fərdi yarışlarla başlayıb. Gimnastlar əvvəlcə çoxnövçülük üzrə yarışlarda qüvvələrini sınayıblar.
Halqa ilə yarışların qalibi Rusiya təmsilçisi Yana Kudryatseva olub. İkinci yeri Salona Pasava (Gürcüstan), üçüncü yeri isə Azərbaycan gimnastı Marina Durunda tutub. Yana Kudryatseva bədii gimnastikanın topla yarışlarında da birinci yerə yüksəlib. İkinci və üçüncü yerləri Azərbaycan gimnastları Marina Durunda və Gülsüm Şəfiyeva tutublar.
Gimnastikanın akrobatika və akrobatikanın temp hərəkətləri üzrə qadın komandalarının yarışlarında qızıl medala Azərbaycan gimnastları layiq görülüblər.
Bədii gimnastikanın gürzlə hərəkət növündə Yana Kudryatseva (Rusiya) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İkinci yerə Azərbaycan gimnastı Marina Durunda, üçüncü yerə Sanola Pasava (Gürcüstan) çıxıb.
Lentlə hərəkətlərdə Azərbaycan gimnastı Marina Durunda ən yüksək nəticə göstərərək qızıl medala layiq görülüb. Yana Kudryatseva (Rusiya) gümüş, Nikol Reqret (Avstriya) bürünc medal əldə edib.
Komandalar arasında lentlə hərəkətlərdə Rusiya gimnastları qızıl, Azərbaycan idmançıları gümüş, Fransa gimnastları isə bürünc medallara sahib olublar.
Bədii gimnastika üzrə cütlüklər arasında keçirilən yarışlarda fəxri kürsünün ən yüksək pilləsinə Azərbaycan təmsilçiləri Anatoli Lionov və Yuliana Dyakova yüksəliblər. İkinci yeri Almaniya gimnastları, üçüncü yeri isə Bolqarıstan təmsilçiləri tutublar.
Akrobatikanın temp yarışlarında da Azərbaycan cütlüyü (Anatoli Lionov və Yuliana Dyakova) birinciliyi əldən verməyiblər. Bolqarıstan gimnastları gümüş, Almaniya cütlüyü isə bürünc medallarla kifayətləniblər.
Bədii gimnastikanın 3 gürz və 2 lent hərəkətlərində Rusiya komandası qızıl, Azərbaycan yığması gümüş, Latviya idmançıları isə bürünc medallar qazanıblar.
Aerobika üzrə qarışıq cütlüklər arasında yarışlarda İspaniya cütlüyü birinci, Rumıniya təmsilçiləri ikinci, Azərbaycan gimnastları isə üçüncü yeri tutublar. Qrup yarışlarında isə Rumıniya idmançıları birinci, İspaniya gimnastları ikinci, Azərbaycan təmsilçiləri üçüncü yerə çıxıblar.
Batut yarışlarında kişilər arasında Azərbaycan gimnastı Oleq Pyenov ən yüksək nəticə göstərək qızıl medala layiq görülüb. Gokhan Mutlu (Türkiyə) gümüş, Pedro Ferrero (Portuqaliya) bürünc medal əldə edib. Qadınlar arasında isə Nikol Aşinger (ABŞ) birinci, Anna Reter (Portuqaliya) ikinci, Şayli Dunaver (ABŞ) üçüncü olub.
Qadınlar arasında batut gimnastikasının sinxron yarışlarında ABŞ cütlüyü qalib gəlib. İkinci yeri Gürcüstan, üçüncü yeri Portuqaliya gimnastları tutublar.
Kişilər arasında isə Azərbaycan cütlüyü (Oleq Pyenov, İlya Drışunin) birinci olub. Fəxri kürsünün ikinci pilləsinə Gürcüstan, üçüncü pilləsinə isə Portuqaliya gimnastları yüksəliblər.
Xatırladaq ki, çempionatda 22 ölkədən 133 gimnast iştirak edib.