Qadın güləşçilərimiz Dünya Kubokunu 5-ci yerdə başa vurublar

Qadın güləşçilərimiz Dünya Kubokunu 5-ci yerdə başa vurublar



Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində qadın güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışları başa çatıb. Yarışda Azərbaycanla yanaşı, Yaponiya, Polşa, ABŞ, Rusiya, Ukrayna, Monqolustan və İsveç güləşçiləri iştirak ediblər.
Azərbaycan güləşçiləri Yaponiya, Polşa və ABŞ komandaları ilə A qrupunda mübarizə aparıblar. B qrupunda isə, Rusiya, Ukrayna, Monqolustan və İsveç komandaları qüvvələrini sınayıblar. Ölkəmizi bu yarışda Baş məşqçi Semyon Çterev və böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında 8 güləşçimiz -Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Nataliya Sinişin (55 kq), İrina Netreba (58 kq), Yuliya Ratkeviç (60 kq), Raqnetta Qurbanzadə (63 kq), Nadya Muşka (69 kq) və Gözəl Zutova (75 kq) təmsil edib.
Qrupun ilk görüşündə ABŞ komandası ilə 4:4 hesablı bərabərlik qeydə alınsa da, texniki göstəricilərə görə rəqibdən geri qalan yığmamız görüşü məğlub başa vurub. Qadın güləşçilərimiz ikinci görüşdə Polşa idmançılarını 5:3 hesabı ilə məğlub ediblər. Qrupun son görüşünü güclü Yaponiya yığmasına qarşı keçirən komandamız 5:3 hesablı məğlubiyyətlə barışmalı olub. Beləliklə, görüşlərin nəticəsinə əsasən komandamız mübarizə apardığı A qrupunu 3-cü yerdə tamamlayıb.
Qrup mərhələsində yığma komandamızın üzvlərindən ən yaxşı göstəricini Mariya Stadnik əldə edib. Komandamızın kapitanı keçirdiyi hər 3 görüşü qələbə ilə başa vurub. Yuliya Ratkeviç və İrina Netreba isə 3 görüşdən 2-sində qələbə qazanıb.

Qrup görüşlərinin nəticələrinə əsasən, yığma komandamız digər qrupu 3-cü yerdə tamamlamış Ukrayna güləşçiləri ilə 5-ci yer uğrunda qarşılaşıb. Ümumi hesab 4:4 tamamlansa da, texniki göstəricilərə görə rəqibindən üstün olan yığma komandamız Dünya Kubokunu 5-ci sırada tamamlayıb. Bu, qadın güləşi üzrə yığma komandamızın Dünya Kuboku yarışlarında ən yaxşı nəticədir. Qeyd edək ki, indiyə qədər qadın güləşçilərimiz iki dəfə (2010 və 2012) Dünya Kubokunda mübarizə aparıblar.