Minsk Qran-pri turnirindən 1 qızıl, 1 gümüş medal

Minsk Qran-pri turnirindən 1 qızıl, 1 gümüş medal



Minskdə Aleksandr Medvedin mükafatı uğrunda sərbəst və qadın güləşi üzrə böyüklər arasında 45-ci beynəlxalq Qran-pri turniri keçirilib.
Turnirdə ölkəmizi baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında sərbəst güləş üzrə yığma komandanın üzvləri təmsil ediblər.
Turnirin finalında 97 kq çəki dərəcəsində çıxış edən iki güləşçimiz qarşı-qarşıya gəlib. Olimpiya oyunlarının ikiqat bürünc medalçısı Xetaq Qazyumov ardıcıl olaraq Ukrayna təmsilçisi Hleb Kutey, Slovakiya idmançısı Jozef Jaloviar, Moldovadan Nikolay Çeban, yarımfinalda isə gürcü Omar Qusoşvilini məğlub edib. Bütün rəqiblərinə xal vermədən qalib gələn Xetaq finalda yığma komandamızın digər üzvü və onunla eyni çəkidə çıxış edən Şərif Şərifovla qarşılaşıb. Olimpiya çempionu Şərif Şərifov finala qədər Qazaxstanlı Mamed İbrahimov, ABŞ təmsilçisi David Zabriske, Ukrayna güləşçiləri Avropa çempionu Pavlo Oleynik və London Olimpiadasının gümüş medalçısı Valeriy Andreytsevi mübarizədən kənarlaşdırıb.
Gərgin keçən və maraqla izlənilən final qarşılaşması Xetaq Qazyumovun 5:0 üstünlüyü ilə tamamlanıb. Bu nəticə ilə, Xetaq Qazyumov qızıl, Şərif Şərifov isə gümüş medal qazanıb.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Sədi Quliyev təmsil edib.