Yayılan məlumatlara görə, Ukrayna, Slovakiya və Polşa Olimpiada - 2022-yə ev sahibliyi üçün birgə ərizə hazırlayıblar. Amma Polşa tərəfi bu ərizə barədə heç bir məlumata malik olmadığını bildirir. Polşa İdman Nazirliyinin mətbuat katibi Katajina Koxanyak bu cür razılaşmadan xəbərsiz olduğunu deyib. Onun sözlərinə görə, Ukrayna hökuməti bu məsələ ilə bağlı Polşaya rəsmi müraciət etməyib. "Deyilənlərə görə, Polşa, Ukrayna və Slovakiya 2022-ci ildə keçiriləcək qış Olimpiya oyunlarına birgə ev sahibliyi etmək niyyətindədirlər. Lakin bu barədə bizdə heç bir məlumat yoxdur”, - deyə Koxanyak vurğulayıb. Maraqlıdır ki, Polşanın Baş naziri Donald Tusk da Ukraynanın adının sifariş ərizəsində yer almadığını deyib. Baş nazir qeyd edib ki, onun ölkəsi Olimpiada - 2022-yə Slovakiya ilə birlikdə ev sahibliyi etməyi planlaşdırıb. "Bizim şansımız çox böyükdür. Məncə, Polşa və Slovakiya olimpiadaya birgə ev sahibliyi etmək niyyətində olduğu üçün bizim şansımız daha real görünür. Qış Olimpiya oyunlarını bir yerdə keçirmək hər iki ölkənin arzusu yox, konkret planıdır”, - deyə o əlavə edib.