Sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandamız qarşıdan gələn yarışlara hazırlıq məqsədilə təlim-məşq toplanışlarını Olimpiya Güləş Mərkəzində davam etdirir.
Yığma komandanın baş məşqçisi Saypulla Absaidov, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiyanın rəhbərliyi altında yığma komandanın bütün üzvləri təlim-məşq toplanışında iştirak edirlər. Hazırda Gürcüstanın sərbəst güləşçiləri yığmamızla birgə təlim-məşq toplanışına qoşulublar. 16 idmançı ilə təlim-məşq toplanışında iştirak edən Gürcüstan yığmasının heyətində London Olimpiadasının gümüş mükafatçıları Vladimer Xinçeqaşvili (57 kq) və David Modzmanaşvili (125 kq) də var. Birgə təlim-məşq toplanışı martın 28-dək davam edəcək.
Məlumat üçün bildirək ki, sərbəst güləşçilərimiz aprelin 11-12-də ABŞ-ın Los Anceles şəhərində keçiriləcək Dünya Kuboku yarışlarında iştirak edəcəklər.