Yüksək ixtisaslı bədən tərbiyəsi mütəxəssisləri hazırlayan ali təhsil ocağı

Yüksək ixtisaslı bədən tərbiyəsi mütəxəssisləri hazırlayan ali təhsil ocağı

Ölkəmizdə idman yüksək səviyyədə inkişaf edib. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan idman siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentimizin gənclərin fiziki və mənəvi inkişafı istiqamətində atdığı addımlar öz müsbət nəticəsini verməkdədir. İstedadlı uşaq və gənclər önə çəkilir, onlara etimad göstərilir. Gənc nəslin cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirakı təmin edilir.
Gənclərimiz onlara göstərilən diqqət və qayğıdan ruhlanır, proqram və layihələrdə uğurla iştirak edir, nailiyyətlər qazanır, mənəvi dəyərlərimizi təbliğində fəallıq göstərirlər.
İdmanın gənclərin fiziki və mənəvi tərbiyəsində xüsusi rolu var. Bu sahədə maddi-texniki bazanın yüksək səviyyədə inkişafı istqamətində həyata keçirilən islahatlar Azərbaycan idmanının beynəlxalq miqyasda uğurlar əldə etməsi ilə nəticələnib. Bunun nəticəsidir ki, ölkəmiz bir sıra mötəbər yarışlara uğurla ev sahibliyi edib, beynəlxalq idman qurumları tərəfindən etimad qazanıb. İdmana dövlət səviyyəsində göstərilən diqqət və qayğı sayəsində təmsilçilərimiz beynəlxalq yarışlarda nailiyyətlər əldə edirlər. İstər böyüklər arasında, istərsə də yeniyetmələr arasında keçirilən Olimpiya oyunlarında təmsilçilərimizin qazandığı nailiyyətlər ölkədə idmanın qayğı ilə əhatə olunduğunu göstərir. Azərbaycanda idmanın inkişafına verilən ən yüksək qiymət tarixdə ilk dəfə keçiriləcək I Avropa Oyunlarının Bakıya həvalə edilməsidir. Avropa Oyunlarından sonra respublikamızda idman uşaq və gənclər arasında daha kütləvi xarakter alacaq. Bu Oyunların keçirilməsi üçün Bakıda müasir tələblərə cavab verən idman infrastrukturu yaradılıb: yeni qurğular inşa edilib və ya əsaslı təmir olunub. Xüsusilə qeyd etmək lazımdır ki, paytaxtla yanaşı, bölgələrdə də, uşaqların fiziki inkişafı üçün hərtərəfli şərait yaradılıb. Hazırda respublikamızın əksər bölgələrində Olimpiya kompleksləri fəaliyyət göstərir. Bu komplekslər gənclərin sağlamlığına xidmət edir. Heç də təsadüfi deyil ki, indi müxtəlif növlər üzrə yığma komandalarda bölgələrdə yetişən gənclər də yer alırlar. Bütün bunlar isə ölkə gənclərinin fiziki hazırlığında əhəmiyyətli rol oynayır.
Azərbaycan Respublikası öz dövlət müstəqilliyini elan etdiyi vaxtdan keçən illər ərzində digər ali təhsil müəssisələri kimi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (Az.DBTİA) da kadr hazırlığı sahəsindəki fəaliyyətini genişləndirib. Öz vəzifələrinin aktuallığını və bu gün üçün böyük əhəmiyyət kəsb etdiyini yaxşı bilən akademiya rəhbərliyi, buranın pedoqoji kollektivi öz işinə xüsusi məsuliyyət hissi ilə yanaşır. Az.DBTİA yüksək ixtisaslı bədən tərbiyəsi müəllimləri hazırlamaqla yanaşı, respublika gənclərinin ictimai fəallığını gücləndirmək, onların vətənpərvər ruhda tərbiyələndirilməsi sahəsində də müxtəlif tədbirlər həyata keçirib.
2014-cü ildə Gənclər və İdman Nazirliyinin təsdiq etdiyi idman tədbirlərinin təqvim planının həyata keçirilməsi məqsədi ilə akademiyada müxtəlif işlər görülüb. Akademiyanın idman işləri şöbəsi kafedralar ilə birgə nəzərdə tutulmuş tədbirlərin və yarışların iş planlarını təsdiqləmiş, bu sənədlər kafedralara göndərilmişdir. İdman tədbirlərinin yüksək səviyyədə təşkilində akademiyanın idman klubu da xüsusi rol oynamışdır. İdman klubu, o cümlədən, kafedraların birgə səyi nəticəsində respublikadaxili və beynəlxalq yarışlara hazırlıqla bağlı aparılan səmərəli fəaliyyət tələbə idmançıların uğurlu çıxışlarına zəmin yaratmışdır.

Az.DBTİA-nın idman-pedaqoji kafedralarında çalışan müəllimlərin 35-i əməkdar məşqçi, 9-u professor, 13-ü elmlər namizədi, 37-i dosent, 54-ü respublika dərəcəli hakim, 55-ı idman ustası, 3-ü ümumittifaq dərəcəli hakim, 24-ü beynəlxalq dərəcəli hakim, 1-i fəxri idman ustası, 12-si əməkdar bədən tərbiyəsi və idman xadimidir. Bir faktı da deyək ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında kadrların hazırlanması 2000-ci illə müqayisədə 6 dəfə artıb. Bu, idman ocağında çalışan professor-müəllim heyətinin səmərəli işinin göstəricisidir. Akademiyanın prorektoru ötən il Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) və Milli Olimpiya Komitəsinin birgə keçirdiyi "Azərbaycanda idman və Olimpiya Hərəkatı: inkişaf tarixi, nəticələr və perspektivlər” mövzusunda müsabiqədə ikinci yeri tutub.
Akademiyanın fəaliyyət göstərdiyi bu illər ərzində bədən tərbiyəsi və idman sahəsində əsaslı tədqiqatlar aparılmış, metodiki tövsiyələr işlənib hazırlanmışdır. 1998-ci ildə akademiyanın bazasında Milli Olimpiya Akademiyası yaradılmışdır və o, ölkəmizdə Olimpiya ideyalarını, sağlam həyat tərzini, ədalətli oyun və davranış qaydalarını gənclər arasında, ümumiyyətlə, əhali arasında təbliğ etməyi öz üzərinə götürmüşdür. 1999-cu ildən Milli Olimpiya Akademiyası ənənəvi olaraq "Olimpizmin tarixi və fəlsəfəsi” üzrə konfrans keçirir, bu konfranslarda Rusiyanın və Gürcüstanın Milli Olimpiya Akademiyalarının nümayəndələri də iştirak edirlər.
Az.DBTİA-nın tələbələri Olimpiya oyunlarında, Avropa, dünya çempionatlarında və beynəlxalq yarışlarda yüksək nailiyyətlər əldə etmişlər. Tələbələrimiz ötən il ərzində Olimpiya və qeyri-Olimpiya idman növləri üzrə 38 beynəlxalq yarışda (dünya, Avropa çempionat və birincilikləri, kubok yarışları) iştirak ediblər. Onlar bu turnirlərdə 39 qızıl, 42 gümüş və 33 bürünc, ümumilikdə isə 114 medal qazanıblar. Bunlardan 71 medal (29 qızıl, 12 gümüş, 30 bürünc) Olimpiya, 43 medal isə (13 qızıl, 12 gümüş, 18 bürünc) qeyri-Olimpiya idman növlərində əldə olunub.
Tələbələrimiz idman növləri üzrə yığma komandalarımız təlim-məşq toplanışlarında da iştirak ediblər. Bu təlim-məşq toplanışları Azərbaycanda və xarici ölkələrdə keçirilib.
Qeyd edim ki, 2014-cü ilin statistikasına əsasən, akademiyanın tələbələrindən 239 nəfəri müxtəlif növlər üzrə yığma komandaların üzvüdür. Ötən il akademiyanın tələbələrindən 1-i əməkdar idman ustası, 153-ü idman ustası, 174 tələbə isə idman ustalığına namizəd normasını yerinə yetirib.
Az.DBTİA-nın beynəlxalq əlaqələri bu illər ərzində daha da möhkəmlənib. Xatırladaq ki, 2013-cü ildə xarici ölkələrinin universitet rəhbərləri ilə bir sıra görüşlər keçirilmişdir. Almaniyanın Köln İdman Universitetinin professoru Manfred Lammer, Kolumbiya Universitetinin professoru Cen Mak Manus, Türkiyənin Qazi Universitetinin prorektoru Emin Kuru akademiyanın qonağı olmuşlar. Ötən il isə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxa Az.DBTİA-nın fəxri doktoru adı verilib.
Qeyd edək ki, akademiyada idman infrastrukturunun yaradılması da xüsusi diqqət mərkəzindədir. Hazırda Az.DBTİA-da 12 idman kompleksi fəaliyyət göstərir. Burada güləş, atıcılıq, ağır atletika, həndbol, boks, basketbol, voleybol, gimnastika zalları, şahmat otağı, üstü açıq üzgüçülük hovuzu və 1500 tamaşaçı tutan stadion fəaliyyət göstərir.
Akademiyada kütləvi yarışların keçirilməsi ənənəyə çevrilib. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş spartakiada, torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsinə təşkil olunan ənənəvi turnirlərdə tələbələrimiz həvəslə mübarizə aparırlar. Ötən il tələbələrimiz ali və orta ixtisas təhsil məktəblərinin XV Respublika Universiadasında iştirak edərək, bütün növlər üzrə birinci yerə layiq görülüblər. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş Az.DBTİA-nın VII spartakiadası da çox maraqla qarşılanmışdır. Bu yarış baş hakim, professor Ağacan Abıyevin rəhbərliyi altında yüksək səviyyədə keçirilmişdir. Spartakiada yarışları aprel ayının 17-dən başlayaraq mayın 5-nə kimi davam edib. Tələbə idmançılar 16 idman növündə güclərini sınayıblar. Voleybol, basketbol və həndbol kimi idman növlərində kafedralar I-IV kurs tələbələrindən ibarət komandaları ilə təmsil olunublar. Qeyd edim ki, spartakiadanın proqramında yer alan bütün yarışlar akademiyanın idman bazalarında keçirilib.

Tələbələrimiz ali və orta ixtisas təhsil müəssisələrinin spartakiadasında bütün idman növləri üzrə yarışlarda iştirak etmiş və yarışların qalibi olmuşlar.
Ötən il ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-cı ildönümü münasibəti ilə ali məktəb tələbələri arasında futbol üzrə VII Respublika çempionatı keçirilib. Yarışın təşkilində əsas məqsəd ali təhsil müəssisələri arasında futbolu təbliğ etmək, perspektivli futbolçuları üzə çıxarmaq olmuşdur. İdman yarışında respublikamızın 32 ali məktəbi iştirak edib. Qısa müddət ərzində komandanın tərkibini müəyyən edən Az.DBTİA VII Respublika çempionatının qalibi adını qazanıb.
I Avropa Oyunlarının Bakıda keçirilməsi böyük tarixi hadisədir. Avropa tarixində ilk dəfə təşkil olunan bu oyunların məhz Azərbaycana həvalə edilməsi beynəlxalq idman təşkilatlarının ölkəmizdə görülən bütün işlərə, o cümlədən idman və bədən tərbiyəsi sahəsində əldə edilən nailiyyətlərə verilən yüksək qiymətidir.
Avropa Oyunları kimi mötəbər bir tədbirin həyata keçirilməsi zamanı qonaqların qəbul olunması, media üzvlərinə və fəxri qonaqlara köməklik göstərilməsi kimi müxtəlif vəzifələri icra etmək üçün 10 mindən çox "Alov qoruyan”a ehtiyac duyulur. Bakı-2015-in Könüllülər proqramı Azərbaycandakı gənclərə birinci Avropa Oyunlarının açılış mərasimində yaxından iştirak etmək üçün böyük imkan yaradır. Səmimi, mehriban könüllülərin Avropa Oyunlarında iştirakı çox vacibdir. Könüllülər Oyunların güzgüsü olacaq və Bakı şəhərinə gələn qonaqlar üçün gözəl bir mühitin yaradılmasına kömək edəcəklər. Aparılmış sorğu göstərir ki, minlərlə Azərbaycan gənci Bakı-2015 Avropa Oyunları zamanı könüllü kimi fəaliyyət göstərmək imkanı əldə etdiyinə görə özünü xoşbəxt sayır. 150 min 403 azərbaycanlı tələbə arasında aparılmış sorğu indiyə qədər ölkədə aparılmış ən böyük tədqiqatdır. Sorğu iştirakçılarının 71 faizi Avropa Oyunlarının ölkəmizə daha böyük nüfuz qazandıracağına inandığını deyib.

Az.DBTİA-nın tələbələri də Avropa Oyunlarına hazırlıqla bağlı işlərdə əllərindən gələni əsirgəmirlər. Təkcə onu deyim ki, ötən il akademiyanın 10 tələbəsi və idman işləri üzrə prorektoru "Olimpiya” filminə çəkiliblər. Akademiyanın idman işləri üzrə prorektoru noyabrın 18-də II Bakı beynəlxalq idman filmləri Festivalında iştirak edib.
"Futbolun nəzəriyyəsi və metodikası” kafedrasının əməkdaşları - çimərlik futbolu üzrə məşqçilər Əli Muradov və Əbdül Əliyev, həmçinin Namiq Quliyev (fiziki hazırlıq üzrə məşqçi) Avropa Oyunlarında iştirak edəcəklər.
Akademiyanın müəllimləri ötən bir sıra beynəlxalq tədbirlərə və seminarlara dəvət olunublar.
"Atletikanın nəzəriyyəsi və metodikası”kafedrasının baş müəllimi, beynəlxalq kateqoriyalı lektor Nemət Heydərov milli hakimlərin I Avropa Oyunlarına hazırlığı ilə bağlı seminarlara rəhbərlik edib. Həmin seminarlarda iştirak edənlərə sertifikat verilib. Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən komandalararası Avropa çempionatında akademiyanın 6 əməkdaşı ədaləti qoruyub. Çempionatdan sonra onlara da sertifikat verilib.
"Üzgüçülüyün nəzəriyyəsi və metodikası kafedrası”nın müəllimi Azər Babayev Macarıstanın paytaxtı Budapeşt şəhərində, "Ağırlıqqaldırma, boksun nəzəriyyəsi və metodikası” kafedrasının dosent əvəzi Süleyman Məmmədli isə 10 gün müddətində ABŞ-da məşqçilər üçün təşkil olunan seminarda iştirak edib.

Təkliflər
İdman-pedaqoji fənn kafedraları üçün:
- Tələbələrin idman-pedaqoji təkmilləşməsi məşğələlərinin keyfiyyəti artırılsın;
- Yüksək dərəcəli idmançıların hazırlığı üzrə plan tapşırıqları yerinə yetirilsin;
- Akademiyanın yığma komandalarının idman yarışlarına hazırlığı və iştirakı təmin edilsin;
- Akademiyanın həmkarlar komitəsi ilə birlikdə akademiya əməkdaşları üçün idman növləri üzrə bölmələr təşkil edilsin.
- Bu qruplarda iş aparmaq üçün müəllimlər və yuxarı kurs tələbələri cəlb olunsun;
- Respublikanın yığma komandalarına elmi-metodiki köməyi artırsın, tədris-təim toplanışları və yarış iştirakçıları arasında ixtisas seçmə təmayüllü sahəsindəki işləri gücləndirsin.

Azərbaycan DBTİA-nın idman kompleksi üçün:
- Təsərrüfat hissəsi ilə birlikdə kafedraların maddi-idman bazasının qaydaya salınması və idman qurğularının (soyunub-geyinmə və duşxanaların) səmərəli istifadəsi üçün akademiyanın rektorluğuna təkliflər təqdim edilsin;
- Dekanatlıqlarla birlikdə tələbələrin ixtisas dərslərinə və davamiyyətlərinə nəzarət artırılsın, tələbələrin idman ustalıqlarını artırma qruplarının fəaliyyəti gücləndirilsin;
- Respublikanın milli komandalarının tərkibinə daxil olan tələbələrin 2014-2015-ci tədris ili üçün (rektorun əmrilə) fərdi dərsə davamiyyət cədvəli hazırlanaraq bu ilin sentyabr ayına kimi təqdim edilsin;
- Müntəzəm olaraq təlim-məşq toplanışlarında, dünya, Avropa çempionatlarında və beynəlxalq turnirlərdə iştirak edən idmançı tələbələrin siyahısı müəyyənləşdirilsin;
- Tələbələri mənəvi cəhətdən ruhlandırmaq üçün mükafatlar təsis etmək, güzəştlər müəyyənləşdirmək, onların sosial müdafiəsi üçün proqramlar hazırlayıb Gənclər və İdman Nazirliyinə təqdim edilsin.