“Neftçi idman klubu” İB-in İdman xronikası

“Neftçi idman klubu” İB-in İdman xronikası
Taekvondo
Taekvondo üzrə kişilərdən ibarət Azərbaycan yığması G1 kateqoriyalı "Qatar Open” beynəlxalq turnirində qüvvəsini sınayıb. Turnirə 11 taekvondoçu ilə qatılan millinin heyətində klubumuzun idmançıları da yer alıblar. Onlardan 68 kq çəki dərəcəsində mübarizə aparan Ayxan Tağızadə yalnız final mərhələsində Cənubi Koreya təmsilçisinə məğlub olub və turnirin gümüş medalına yiyələnib.

Şahmat
Martın 11-də Özbəkistanın paytaxtı Daşkənddə startı verilən və bu ölkənin ilk qrossmeysteri Qeorgi Aqzamovun xatirəsinə həsr olunmuş IX beynəlxalq şahmat turniri davam edir. 81 zəka sahibinin qatıldığı yarış 9 turdan ibarətdir və İsveçrə sistemi üzrə keçirilir. Ayın 19-dək davam edəcək turnirdə ölkəmiz "Neftçi İdman Klubu”nun şahmatçısı Eltac Səfərli ilə təmsil olunur. İdmançımız turnirin üçüncü reytinq favoritidir.

Futbol
Birinci Divizionda 18-ci turun oyunlarına yekun vurulub. Bu turda qapılara 15 top vurulub ki, onlardan da 8-i meydan sahiblərinin hesabına yazılıb.
"Neftçi İdman Klubu”nun "Qaradağ Lökbatan” komandası "Dalğa Arena”da "Göyəzən”lə üz-üzə gəlib. Qarşılaşma təmsilçimizin üstünlüyü şəraitində keçib. O, oyuna nəzarəti özündə saxlayan "Qaradağ Lökbatan” rəqibini darmadağın edib - 5:0. Komandamızın futbolçusu İlham Allahverdiyev 14, 57, 64 və 79-cu dəqiqələrdə vurduğu qollarla poker edərək 15 qolla bombardirlər siyahısının liderliyinə yüksəlib. 54-cü dəqiqədə isə Murad İsgəndərli "Göyəzən”i cəzalandırıb. Böyükhesablı qələbə nəticəsində "Qaradağ Lökbatan” xallarının sayını 38-ə çatdırıb və turnir cədvəlinin 3-cü pilləsinə yüksəlib.

Stolüstü tennis
"Şüa” İdman-Sağlamlıq Kompleksində gənclər və yeniyetmələr arasında stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçirilib. Yarışda Bakı, Sumqayıt, Şabran, Şirvan, Şəki, Salyan və Gədəbəy komandalarından 100-ə yaxın idmançı mübarizə aparıb.
"Neftçi İdman Klubu”nun tennisçiləri Bakı şəhər yığma komandasının tərkibində yer alıblar. Gənclərin yarışında "Bakı-2” komandasının heyətində çıxış etmiş idmançımız Rəşad Kərimzadə 3-cü yeri tutub. Qızlar arasında təşkil olunan yarışda isə Elvina Tahirova ("Bakı-1”) gümüş medala layiq görülüb. Yeniyetmələrin yarışında Rəşad Tahirov ("Bakı-2”) 3-cü pillədə qərarlaşıb. Xanım tennisçilərdən Nigar Əhmədova ("Bakı-1”) ölkə çempionu titulunu qazanıb. Zemfira Mikayılova isə ("Bakı-2”) yarışı 3-cü yerdə başa vurub.

Dama
Respublika Şahmat Mərkəzində 64 xanalı dama üzrə 10, 13, 16 və 19 yaşlı idmançılar arasında dama üzrə respublika birinciliyi sona çatıb. Yarışda paytaxt və bölgələrdən 85 idmançı bacarığını nümayiş etdirib.
Klubun yetirmələrindən 10 yaşlılar arasında Hüseyn Talıbov, qızlardan isə Ülkər Babanlı çempionluq sevinci yaşayıblar. 13 yaşlı idmançılardan Yalta Muşailova 3-cü, 16 yaşlılardan Famil Kamilli 1-ci yeri tutub. 19 yaşlıların mübarizəsində Zeynal Rəşidli liderliyə yüksəlib. Vüqar Babayev 2-ci, Ayar Səmədli isə 3-cü yerə çıxıb.
Qeyd edək ki, mükafatçılar sırasında yer almış idmançılar aprelin 26-dan mayın 4-dək Rusiyanın Yaroslav şəhərində keçiriləcək Avropa birinciliyində, eləcə də avqustun 25-dən sentyabrın 4-dək Bolqarıstanın Kranova şəhərində təşkil olunacaq dünya birinciliyində iştirak etmək hüququ qazanıblar.
***
Nəsimi rayonunda yerləşən şahmat-dama məktəbində isə kişi və qadınlar arasında 64 xanalı dama üzrə Bakı şəhər çempionatı təşkil olunub. 30-a yaxın idmançının iştirakı ilə keçirilən yarışda klubumuzun yetirmələri də qalib adı uğrunda yarışıblar. Kişilər arasında Zeynal Rəşidli 1-ci, Əziz Hüseynov 3-cü, zərif cinsin nümayəndələrindən Leyli Sadıqlı 2-ci, Vəfa Qəmbərova isə 3-cü pillədə yer alıb.

Güləş
Yunan-Roma güləşi üzrə yeniyetmələr arasında keçirilən Bakı birinciliyinə yekun vurulub. Hövsan Olimpiya İdman Kompleksində baş tutan yarışda 250 güləşçi qüvvəsini sınayıb.
"Neftçi İdman Klubu”nun yeniyetmə pəhləvanlarından Cavidan Məmmədov (29 kq) bütün rəqiblərini məğlub edərək paytaxt yarışının qalibi adını qazanıb. Elmir Əliyev (38 kq), Emin Əliyev (50 kq) və Yaqub İsmayılzadə (76 kq) də eyni uğura imza atıblar. Digər idmançılarımızdan Etibar Bəşirov (69 kq) gümüş, Elvin Hümbətov (32 kq) və Coşqun Baxşiyev (50 kq) isə bürünc medala sahib çıxıblar. İdmançılarımız komanda hesabında 1-ci yeri tutublar.

"Neftçi İdman Klubu”
İctimai Birliyinin mətbuat xidməti