Badmintonçularımız Rumıniyada mübarizə aparıblar

Badmintonçularımız Rumıniyada mübarizə aparıblar


Martın 12-15-də Rumıniyanın Timişuara şəhərində badminton üzrə beynəlxalq turnir keçirilib. Ənənəvi yarışda 33 ölkədən 169 badmintonçu qüvvəsini sınayıb. Ölkəmizi turnirdə yığma komandanın baş məşqçisi Ceyhun Məmmədəliyevin rəhbərliyi altında 2 badmintonçu təmsil edib. 4 gün davam edən yarışda idmançılarımız həm şəxsi, həm də qoşa yarışlarda mübarizə aparıblar. Turnirin ilk günündə badmintonçularımız şəxsi yarışlarda iştirak ediblər. Lakin təmsilçilərimiz şəxsi yarışlarını elə seçmə mərhələdəcə məğlub olaraq yekunlaşdırıblar. Yığmamızın üzvlərindən ən yaxşı nəticəni Orxan Qələndərov göstərib. O, ilk görüşündə rumıniyalı badmintonçu Eduard Marius İcanı 3:1 (11:4, 3:11, 11:7, 11:7) hesabı ilə məğlub edib. Təmsilçimiz ikinci görüşünü də yerli idmançıya qarşı keçirib. Təəssüf ki, rumıniyalı Grosu Mihai ilə görüşdə 3:2 hesab ilə məğlub olan Orxan şəxsi yarışlarda mübarizəni dayandırıb. Yığma komandamızın digər üzvü Kənan Rzayevin də çıxışı uğursuz olub. Badmintonçumuz ispaniyalı Manuel Vazkeslə görüşdən məğlub ayrılıb -3:0 (11:8, 11:4, 11:6 ).
Turnirin ikinci günündə idmançılarımız qoşa yarışlarda qüvvələrini sınayıblar. Lakin komandamızı təmsil edən Kənan Rzayev və Orxan Qələndərovdan ibarət cütlük norveçli rəqibləri Maqnus Kristensen və Anders Leyqrudla bacarmayıblar. Görüşdə 3:1 (11:5, 11:4, 9:11, 11:6) hesabı ilə məğlub olan badmintonçularımız turnirlə vaxtından əvvəl vidalaşıblar.
Məlumat üçün bildirək ki, Rumıniya sınağından sonra badmintonçularmız martın 18-21-də Polşada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər.
Qeyd edək ki, iyun ayında ölkəmizdə təşkil olunacaq I Avropa Oyunlarında badminton idman növündə ölkəmizi Kənan Rzayev və Orxan Qələndərov təmsil edəcək.