Martın 13-də Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan Alpinizm Federasiyasının (AAF) 50 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlı, vitse-prezidentlər Eldar Cəfərov, Saridan Mursaqulov və idman ictimaiyyətinin digər nümayəndələri iştirak edirdilər. Tədbirin əvvəlində iştirakçılar həlak olmuş alpinistləri bir dəqiqəlik sükutla yad etdilər.
Tədbirdə çıxış edən Alpinizm Federasiyasının vitse-prezidenti Saridan Mursaqulov yubiley gecəsinin əhəmiyyəti barəsində danışdı. "Bugünki tədbirimiz Azərbaycan Alpinizm Federasiyasının 50 illik yubileyinə həsr olunub. Biz bu gecə dağları fəth edən veteran idmançılarla görüşüb, onlarla əvvəlki günləri xatırlayacağıq. Bəzi səbəblərə görə bu yubileyi vaxtında keçirə bilmədik. Lakin bütün çətinliklərə baxmayaraq, biz yolumuza davam edirik”, - deyə Saridan Mursaqulov bildirdi.
AAF-nın prezidenti İsrafil Aşurlı çıxışında tədbirin federasiyanın tarixi ərzində böyük hadisə olduğunu qeyd etdi. "Federasiya son 50 ildə ilk dəfə idi ki, belə böyük bir tədbir həyata keçirirdi. Sevindirici haldır ki, gənc nəsildə alpinizm və qayayadırmanma idman növlərinə maraq günü-gündən artır. Azərbaycan Alpinizm Federasiyası respublikamızda bu idman növlərini uğurla inkişaf etdirir. 2010-cu ildən etibarən idmançılarımız alpinizm, skayranninq, qayayadırmanma növləri üzrə beynəlxalq yarışlarda, festivallarda iştirak edirlər. Alpinizm Federasiyası son illər ərzində çoxsaylı respublika yarışları da keçirməyə müvəffəq olub. Federasiyanın yubileyinə həsr olunmuş filim çəkilib. Maraqlı məqamlardan biri də federasiyanın üzvlərinin və idmançıların həmin filmdə iştirak etməsidir. İnanıram ki, bu sənədli film gələcəkdə alpinizmin inkişafında böyük rol oynayacaq”, - deyə İsrafil Aşurlı əlavə etdi.
Gecənin əsas hissəsi Azərbaycan Alpinizm Federasiyasının 50 illik fəaliyyəti, bu idman növünün inkişafı, keçdiyi mərhələlər, nailiyyətlər, çətinliklər, idmançılar və gələcək planlardan bəhs edən "Könlüm dağlardadır” sənədli filminin nümayişi oldu. Şahin Hacıyevin müəllifi olduğu filmdə alpinizm idman növünün tarixi və ənənələri göstərildi.
Tədbirin sonunda alpinizm veteranlarına, Azərbaycanda bu idman növünün inkişafında xidmətləri olan idmançılara fəxri diplomlar və alpinist nişanları təqdim edildi.