Olimpiada-2006-nın dopinq analizləri yenidən yoxlanılacaq
19:44 02.04.2013
7496
Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2006-cı ildə Turin şəhərində keçirilən qış Olimpiya oyunlarının dopinq analizlərini yenidən yoxlamaq barədə qərar qəbul edib. BOK-un Tibb Komissiyasının sədri Arne Lunkvistin sözlərinə görə, olimpiada iştirakçılarından götürülən analizlər daha müasir texnologiyalar vasitəsilə yoxlanılacaq. "Biz müasir texnologiyaların köməyi ilə araşdırma aparmaq istəyirik ki, 2006-cı ildə qeydə alınmayan faktları üzə çıxaraq. Təkrar yoxlanılacaq analizlərin sayı hələlik məlum deyil. Xatırladım ki, BOK dopinq analizlərini 8 il saxlayır. Turin-2006 Qış Olimpiya Oyunlarının analizlərinin saxlanma müddəti gələn ilin fevral ayında başa çatacaq”, - deyə Arne Lunkvist bildirib. Məlumat üçün deyək ki, BOK Afina-2004 Olimpiya Oyunlarının dopinq nümunələrinin yenidən yoxlanılmasını ötən il həyata keçirib. Nəticədə 5 idmançı diskvalifikasiya olunub və onların medalı əlindən alınıb.