Sərbəst güləşçilərimiz U-23 Avropa çempionatını 3-cü pillədə başa vurdular

Sərbəst güləşçilərimiz U-23 Avropa çempionatını 3-cü pillədə başa vurdular



Polşanın Valbrzix şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.
Ilk dəfə keçirilən çempionatda 19-23 yaşlı idmançılar mübarizə aparırlar.
Çempionatın ilk günündə 57 kq, 65 kq, 74 kq və 97 kq çəki dərəcəsində sərbəst güləşçilər yarışıblar.
65 kq-da mübarizə aparan Məhəmməd Müslümov ardıcıl olaraq Rumıniya və Bolqarıstan güləşçilərini mübarizədən kənarlaşdırıb. Gərgin keçən yarımfinal görüşündə İtaliyalı rəqibinə minimal hesabla uduzan təmsilçimiz bürünc medal uğrunda görüşə çıxıb. Moldova güləşçisini üstələyən Məhəmməd Müslümov çempionatın bürünc medalını qazanıb.
Çempionatın ilk günündə uğurlu çıxışı ilə yadda qalan güləşçimiz 97 kq çəki dərəcəsində mübarizə aparan Nurməhəmməd Hacıyev olub. O, finala qədər maneəsiz irəliləyib və ardıcıl olaraq Macarıstan, Rusiya və Almaniyadan olan rəqiblərini mübarizədən kənarlaşdırıb. Qızıl medal uğrunda keçirilən son görüşdə təmsilçimiz Gürcüstan idmançısına məğlub olub və gümüş medalla kifayətlənib.
Güləşçilərimiz ilk yarış günündə 1 gümüş və 1 bürünc medal qazanıblar.
Çempionatın ikinci günündə 61, 70, 86 və 125 kq çəki dərəcəsində sərbəst güləşçilər yarışıblar.
Turnirdə 86 kq çəki dərəcəsində mübarizə aparan Məhəmmədhacı Xatiyev ardıcıl olaraq Türkiyə, Macarıstan, Yunanıstan, yarımfinalda isə Rusiya güləşçiləri üzərində inamlı qələbələr qazanıb. Güləşçimiz qızıl medal uğrunda finalda Belarus təmsilçisi ilə görüşüb. Gərgin keçən qarşılaşma rəqibin qələbəsi ilə başa çatıb və güləşçimiz gümüş medalla kifayətlənib.
Digər güləşçimiz Əli Maqomedabirov (125 kq) mübarizəyə dörddəbir finaldan qoşulub. İlk görüşdə məğlub olsa da rəqibin finala yüksəlməsi güləşçimizə bürünc medal uğrunda görüşə imkan qazandırıb. Üçüncü yer uğrunda mübarizədə təmsilçimiz Ukrayna idmançısına qalib gəlib və çempionatın bürünc medalına sahib olub.
Beləliklə, U-23 Avropa çempionatında sərbəst güləş yarışları yekunlaşıb. Sərbəst güləş yığmamız çempionatı 2 gümüş (Məhəmmədhacı Xatiyev (86 kq) və Nurməhəmməd Hacıyev (97 kq)) və 2 bürünc (Məhəmməd Müslümov (65 kq) və Əli Maqomedabirov (125 kq)) medalla tamamlayıb. Bu nəticə ilə idmançılarımız U-23 Avropa çempionatını komanda hesabında 48 xalla 3-cü pillədə başa vurublar. Rusiya 61 xalla birinci, Gürcüstan 57 xalla ikinci sırada qərarlaşıb.
U-23-də qadın güləşçilərimizin yarışı davam edir.