Qadın güləşçilərimiz inamla yarışırlar

Qadın güləşçilərimiz inamla yarışırlar



Polşanın Valbrzix şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir. İlk dəfə keçirilən U-23 Avropa çempionatında 19-23 yaş arası idmançılar mübarizə aparırlar.
Çempionatın dördüncü günündə 53 kq, 58 kq, 63 kq və 75 kq çəki dərəcələrində qadın güləşçilər mübarizə aparıblar. Yığmamız 3 çəki dərəcəsində təmsil olunub.
53 kq çəki dərəcəsində ötən il gənclərin dünya çempionatında bürünc medal qazanan Solmaz Həşimzadə mübarizəyə 1/8 finaldan başlayıb. Ardıcıl olaraq İspaniya və Rumıniyadan olan rəqiblərini məğlub etsə də, yarımfinalda Ukraynalı rəqibinə uduzub. Bürünc medal uğrunda həlledici görüşdə güləşçimiz Bolqarıstanlı həmkarı ilə gərgin keçən qarşılaşmadan qalib ayrılıb və U-23 Avropa çempionatının bürünc medalına sahib olub.
63 kq-da mübarizə aparan gənclər arasında Avropa çempionatının gümüş medalçısı Elmira Qəmbərova ilk görüşdə Rusiyalı rəqibinə tam üstünlüklə qalib gəlib. Yarımfinalda Çexiya güləşçisinə uduzan təmsilçimiz bürünc medal uğrunda güləşib. Polşa idmançısına heç bir şans verməyən Elmira Avropa çempionatını üçüncü sırada tamamlayıb.
Gənclər arasında Dünya və Avropa çempionu Səbirə Əliyeva (75 kq) isə çempionata uğursuz başlayıb. Yerli idmançı ilə keçirdiyi ilk görüşündən xalçanı məğlub tərk etsə də, rəqibin finala yüksəlməsi ona bürünc medal şansı verib. Bunun üçün güləşçimiz Macarıstan təmsilçisini məğlub etməli idi. Ancaq bu görüş də güləşçimiz üçün uğurlu alınmayıb. Səbirə çempionatı beşinci sırada tamamlayıb.
Məlumat üçün bildirək ki, qadın güləşçilərin yarışında ilk gün yığmamızın üzvü Alyona Kolesnik (55 kq) qızıl medal qazanıb.