Martın 28-29-da Türkiyənin İstanbul şəhərində Yaşar Doğunun xatirəsinə həsr olunan sayca 43-cü beynəlxalq turnir keçiriləcək. Turnirdə böyüklərdən ibarət sərbəst güləş üzrə yığma komandamız da iştirak edəcək.
Məşqçilər Nazim Əlicanov və David Kurtsiyanın rəhbərliyi altında turnirə 8 güləşçimiz yollanıb. Heyətdə Etibar Hacıyev, Ruslan Qasımov (hər ikisi 57 kq), Cəlal Süleymanov, Ruhlan Məmmədov (hər ikisi 61 kq), Ağahüseyn Mustafayev, Gitinomaqomed Hacıyev (hər ikisi 65 kq), Hacımurad Ömərov (70 kq) və Aleksandr Qostiyev (86 kq) yer alıb.
Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı ölkəmizi təmsil edəcək.
Turnirin proqramına əsasən, martın 28-də 57 kq, 65 kq, 74 kq və 97 kq, martın 29-da isə 61, 70, 86 və 125 kq çəki dərəcələrində pəhləvanlar mübarizə aparacaqlar.